Asiya klubunun kapitanı olan azərbaycanlı: "Tayland millisində oynamağım möcüzə deyil" - MÜSAHİBƏ

11:37 - 26 Oktyabr 2022

Azərbaycan futbolunun yetirməsi olan Məmməd Quliyev uzun illərdir ki, Taylandda legioner həyatı yaşayır. “Rəvan”, “İnter”(indiki “Şamaxı”) klublarında oynamış 27 yaşlı yarımmüdafiəçi hazırda “Tonburi Yunayted” forması geyinir. Sportal.az saytına müsahibə verən Quliyev Tayland millisində oynamaq şanslarını da dəyərləndirib.

- Taylandda işlərin necə gedir? Komandanın və öz vəziyyətin necədi?
- Komandamın hazırkı durumunu orta dəyərləndirərdim. Çünki ilk oyunlarda zədəli futbolçularımız çox idi. Təlim-məşq toplanışında zədələnənlər oldu, indi isə tam komanda ilə oynayırıq. Son görüşdə 3:0 qalib gəldik. İşlərimiz yaxşıya doğru gedir.

- Bu mövsüm daha iddialı komandada oynadığını demək olar? Daha üst liqaya yüksəlməyiniz reallaşacaq?
- Ümid edirəm ki, bu mövsüm yaxşı nəticə qazanarıq. Açığı, mən əsas öz performansımı artıraraq növbəti mövsüm daha yaxşı təkliflərin gəlməsi haqda düşünürəm. 

- Maraqlıdı, Taylandın daha üst liqalarından və ya Azərbaycan çempionatından təkliflər oldu sənə? Yoxsa, Azərbaycana geri qayıtmaq istəmirsən?
- Azərbaycanda oynamaq variantım var idi. Ancaq yayda öncə Taylanddan gələcək təklifləri düşünürdüm. Çünki üç mövsümdür ki, burada oynayıram. Özümü Taylandda çox xoşbəxt hiss edirəm. Belə də oldu. Taylanddan gələn təklifləri dəyərləndirib, qaldım bu ölkədə.

- Yəqin ki, artıq tay dilində danışırsan? Gələcəyini elə bu ölkədə görürsən?
- Bəli, tay dilində danışa bilirəm. Yeni komandamda kapitanam. Sağolsunlar, mənə hörmətlə yanaşırlar. 

- Azərbaycan futbolu kənardan necə görünür?  Azərbaycan Premyer Liqasında yarışan klublardan birində oynaya biləcək gücdəsən? Yoxsa, klublarımız sənə ehtiyac duymur deyə, Taylanddasan?
- Azərbaycan çempionatının oyunlarını izləyirəm. Çünki dostlarım orada müxtəlif komandalarda oynayır. Çempionat oyunları ilə maraqlanıram, baxıram. Ancaq sizi inandırım, Taylandda uzun müddət qalaraq, burada  oynamaq istəyirəm. Çünki maddi cəhətdən də Taylandda oynamaq mənə sərf edir.

- Koronovirusun yenidən yayılmaq təhlükəsi hiss olunur, xüsusilə də Asiya ölkələrində. Taylandda bununla bağlı vəziyyət necədi?
- Bəli, elədir. Koronavirus hələ də davam edir. Ancaq əvvəlki kimi deyil. Lakin biz hər matçdan qabaq yenə də test veririk. Hər halda, əvvəlki qədər yüksək nəticələr olmur. Əvvəlki vaxtla müqayisədə Taylandda koronavirus indi daha da səngiyib.

- Azərbaycanın əsas millisində oynamamısan və inandırıcı da görünmür. Taylandda karyeranda yüksəliş əldə edərək, ölkənin əsas millisinə yüksəlməyin realdı, yoxsa bu, möcüzə hesab edilir?
- Hər bir azərbaycanlı kimi, ölkəmizin əsas millisində oynamaq mənim də arzumdu. Tayland yüksək liqasında çıxış etsəm, Azərbaycan millisində oynamaq şansım yaranar. Ancaq əsas liqada oynamaq heç də asan deyil. Burada daha çox yerlilər oynayır, limit məsələsi də var. Özü də mən Asiya ölkələrinin pasportuna sahib deyiləm. Tayland millisində oynamağım möcüzə deyil. Çünki burada məni tanıyırlar. Əgər vətəndaşlıq məsələsi reallaşsa, bu haqda da düşünmək mümkündü. Bunlar hamısı gələcəyin işidi. Hələ ki, belə fikrim yoxdu. Üçüncü ildir ki, Taylandda işçi vizası ilə yaşayıram. Necə olacağını zaman göstərəcək. 

Mirbağırağa

Xəbər xətti