"Qarabağ" Avropa Liqası qrup mərhələsinin beşinci turu çərçivəsində sabah səfərdə "Nant"ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, matçdan öncə təşkil olunan mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- Bizim üçün çox önəmli oyundur. Bu matçın mahiyyətini başa düşürük. Qarşımızda çox istəkli komanda var. Müsahibələrini oxumuşam. Qalib gəlmək üçün çox istəklidirlər. Biz də yaxşı oyunla yaxşı nəticə əldə etmək istəyirik. Rəqib doğma meydanda, azarkeşləri önündə oynayır. Cüzi üstünlük onların tərəfində olmağına baxmayaraq, yaxşı oyun, mübarizə göstərmək istəyirik. İnanıram ki, futbolçular sabah özlərini ən yaxşı tərəfdən göstərəcəklər. Bu, çox vacibdir. Sabahkı görüşə tam hazırıq.
- Sizin üçün hücum futbolu oynayan komandaya qarşı mübarizə aparmaq çətindir, yoxsa müdafiəyəmeyilli oynayan rəqiblərə qarşı?
- Rəqibin hansı keyfiyyətdə hücum etməsindən və müdafiə olunmağından asılıdır. Hər sistemin öz çətinlikləri var. Belə böyük matçlarda bu barədə düşüncəm olmur. Rəqibin oyunçuları çox keyfiyyətlidir. "Nant"ın gücünü Bakıda hiss etmişik. Hesabın 3:0 olması bəzən yanmış fikirlər gətirir. Ümumən Bakıda çox çətinliklərimiz olmuşdu. Sabah daha çox öz oyunumuzu düşünəcəyik. Rəqib nə qədər imkan versə, bundan maksimum istifadə edəcəyik. "Nant" böyük basqı ilə hücuma keçsə, müdafiədə diqqətli olmalıyıq.
- İlk matçda 3:0 hesablı qələbə qazandınız. Sizin fikrinizcə oyunun favoriti "Qarabağ" deyil?
- Xeyr. Əlbəttə ki, favorit olduğumuzu fikirləşmirəm. Qarşımızdakı rəqibə böyük hörmətlə yanaşıram. "Nant"ın oyunlarına baxmışam. "Frayburq"a böyük hesabla məğlub olmaqlarına baxmayaraq, hesab 0:0 olarkən üstünlük "Nant"ın tərəfində idi. Sadəcə bəxtləri gətirmədi. Buraxılan qollar da kobud səhvlərdən oldu. "Nant"ın heyətində çox bacarıqlı futbolçular var. Bəzən hər hansı komandanın uğursuz seriyası olur. Rəqibin son matçlarında çox böyük irəliləyiş, dəyişiklik var. Avroliqa oyunlarında favorit olmur. Hesablar bizi aldatmalı deyil. Qarşılaşmaya çox ciddi yanaşırıq.
Elçin Əlixan
saytlarin hazirlanmasi