"Sabah"ın Müşahidə Şurasının üzvü İqor Panomoryov Sportal.az saytına müsahibə verib.
- Hazırda "Sabah" "Qarabağ"ın ardından turnir cədvəlində ikinci pillədədi. Çempionat start götürməmişdən əvvəl bu cür mənzərə ola biləcəyini ehtimal edirdiniz?
- İkinci yerdə ola biləcəyimizi düşünürdük deyəndə ki, biz buna hazırlaşmışdıq. Mübarizə aparacaqdıq. Ona görə də normal gedişatdı. Bunu etməsəydik, biz tərəfdən düzgün olmazdı. Heyət yığdıq. Prinsipcə, həm məşqçi heyəti, həm də onun ətrafı böyük iş gördü. Ona görə də çalışdıq ki, mövsüm ərzində mükafatçılar sırasına düşə bilək. Bu, birinci, ikinci və ya üçüncü yer olacaq, onu da zaman göstərəcək.
- "Sabah" son turda "Neftçi"yə səfərdə qalib gəldi. Bu nəticə sizin üçün gözlənilməz idi, yoxsa qələbə olacağına çox inanırdınız?
- Bu suala necə düzgün cavab vermək olar, düşünürəm. Təbii ki, "Neftçi" ölkənin aparıcı klublarından biridi. Bu komanda ilə mübarizə aparırıq. Onlardan üstün olmağa çalışırıq, güclü olduğumuzu sübut etmək istəyirik. Bizdə alındı, sübut etdik ki, komandamız hazırda daha güclüdü, bir çox komponentlərdə "Neftçi"dən üstündü. Üç qol vurduq. Doğrudu, təəsssüf ki, iki qol buraxdıq. Nə etmək olar, futboldur. Əsas odur üç xal qazandıq.
- Hesab 3:0 olduqdan sonra "Neftçi" iki qol vurdu. Doğrudu, qalib mühakimə edilmir. Amma sizcə, "Sabah" xal da itirmək təhlükəsi yaşadı? Niyə belə oldu?
- Futboldur da, hər şey baş verə bilər. Hər halda Davit Volkov son dəqiqədəki qol epizodundan yararlansaydı, hesab 4:2 də ola bilərdi. Ona görə də, bu məsələ haqda danışmaq çətindi. İstənilən halda, biz "Neftçi" ilə matçda qalib gələcəyimizə inanırdıq.
- Turlar keçdikcə və "Sabah" da uğurlu nəticələr qazandıqca, komandanın çempion ola biləcəyinə inamınız artır? Yoxsa, düşünürsüz ki, bu, sadəcə olaraq xəyal və ya möcüzədi?
- "Qarabağ" ölkənin ən güclü komandalarından biridi. Onlar bunu sübut edirlər. Tam heyətlə oynamayaraq da, istədiklərini əldə edirlər. Biz öz tərəfimizdən üzərimizə düşəni edirik, biz də uğur qazanmaq niyyətindəyik. Bəli, hazırda ikinci pillədəyik və yetərincə xal toplaya bilmişik. Bunu edə bildiyimizə görə də, qürur duyuruq. Möcüzə məsələsinə gəlincə, təbii ki, bu, möcüzə deyil. Çünki planlaşdırılmış iş gedir, irəliləyirik. Bütün bunları nəzərə alsaq, edəcəyimizə möcüzə demək düz deyil. "Qarabağ"la sona qədər mübarizə apara biləcəyik, ya yox, bunu zaman göstərəcək.
- Necə düşünürsünüz, "Sabah"ın "Qarabağ"la sona qədər mübarizə aparması üçün qışda yenə də güclənməlisiz? "Sabah"ın hansısa turlardan sonra enişə getmək təhlükəsi var?
- Əlbəttə, güclənə bilərik. Hamısı normaldı. Yaxşı olmaq istəyirik, heyətimizdə güclü futbolçuların yer almasından. Qışda güclənəriksə, bu, normaldı. Biz nəyə görə bir neçə turdan sonra eniş ola biləcəyi haqda narahat olmalıyıq? İrəliyə baxırıq. Ümidvarıq ki, hər şey yaxşı olacaq, qələbələr qazanaraq irəliləyəcəyik. Xal itkiləri olsa belə, futboldur. Əsas odur ki, "Sabah" çox yaxşı futbol oynayır və bu gün komandanı tanıyırlar, azarkeşlər dəstək olur, oyunlara gəlirlər. Artıq bu, böyük işdi. Hamımız birlikdə bunu bacardıq.
- Ötən mövsüm tez-tez hakimlikdən narazı idiniz. Bu mövsüm necə, "Sabah"a qarşı açıq-aşkar haqsızlıq edildiyini hiss edirsiz, yoxsa ötən mövsümkü narazılıqlar öz təsirini göstərib?
- Təbii ki, biz narazı idik. Əgər, bizə qarşı doğru olmayan qərarlar verilərsə, niyə razı olmalıyıq? Ötən mövsüm narazılıqlarımız var idi və bunu da açıq şəkildə bildirirdik. Amma məncə, bu mövsüm hakimlər də hər şeyi başa düşdü. Çünki biz düzgün oynayırıq, işləyirik. Yəqin ki, hakimlər də başa düşdü ki, komanda çalışır, inkişaf edir, komanda oynayır. Gördüyüm qədərilə hakimlər normal oyun idarə edir. Doğrudu, səhvlər olur, bu da normaldı. Ancaq "Qarabağ"la oyunu xatırlamaq istəyərdim. Həmin görüşdə hakimlərin necə qərarlar verdiyini hamı gördü. Top rəqibdən auta çıxdı, səhv qərar verildi, ofsaydda olmayan oyunçumuz dördüncü qolu vurdu, hesaba alınmadı Bunlar heç biri xoş deyildi. Amma biz onu tez unutduq və yolumuza davam etdik. Ümid edəcəyik ki, hakimlərin bu cür qərarları təkrarlanmayacaq.
- Bu mövsüm "Sabah"ın ölkə kubokunu qazanması da yəqin ki, böyük nəticə olardı? Öncə, Qaradağ Lökbatan səddini keçmək lazımdı, daha sonra MOİK - "Səbail" oyunun qalibini sıradan çıxarsanız, yarımfinalda "Qarabağ"la qarşılaşacaqsınız. Bu mənada, "Sabah"ın kubokda finala gedən yolu barədə fikriniz necədi?
- Yəqin ki, xatırlayırsız, komandamız birinci divizion təmsilçisi "Kəpəz"ə uduzaraq turnirdəki çıxışını başa vurmuşdu. Hər halda, ciddi hazırlaşmaq lazımdı. Məncə, komanda ciddi hazırlaşacaq. Yarımfinala qədər irəliləsək, "Qarabağ"la qarşılaşacağıq. Komandamızdan yaxşı nəticələr gözləyirik. Ümidvaram ki, hər şey yaxşı olacaq.
Mirbağırağa