"Qarabağ" da ÇSKA kimi bu titulu qazanmağa layiq klubdu" - MÜSAHİBƏ

16:08 - 27 Oktyabr 2022

"Qarabağ"ın veteran futbolçusu Eltay Aslanov Sportal.az saytına müsahibə verib. Vaxtı ilə Ağdam klubunun formasını geyinmiş Aslanov sabiq komandasının Avropa Liqasındakı şanslarını dəyərləndirib. Hazırda “Turan Tovuz” futbol akademiyasında çalışan mütəxəssis “Qarabağ”ın daxili çempionatdakı çıxışı barədə də fikirlərini bildirib.

- Sabiq komandalarınızdan olan "Qarabağ" Avropa Liqasının 5-ci turu çərçivəsində "Nant"la oyuna çıxacaq. "Qarabağ"ın Fransada istədiyi nəticəni əldə edəcəyinə inanırsınız? 
Ümumi götürsək, "Qarabağ"  Avropa Liqasında çox yaxşı oyunlar göstərib və bu cür də davam edir. Bu gün "Qarabağ" müdafiədə daha diqqətli oynayaraq rəqibini əks-hücumda cəzalandırmalıdı.

- "Qarabağ" "Nant"ı Bakıda 3:0 hesabı ilə məğlub etmişdi. Eyni hesabın təkrarlanması mümkündü? "Nant" Bakıdakı matçla müqayisədə Fransada "Qarabağ"a qarşı daha ciddi, daha fərqli yanaşıb, daha fərqli oynaya bilər?
- "
Nant" üçün bu oyun son şans olduğu üçün mütləq qələbə qazanmalıdı. Onlar bu gün bütün variantlardan istifadə edərək oyuna ilk dəqiqələrdən daha ciddi, daha aqressiv başlayacaq. Topa nəzarəti əldə saxlayaraq hücumlar etməyə çalışacaqlar. Ancaq istənilən halda "Qarabağ"ın onların hücumların qarşısını ala biləcək.

- Ümumiyyətlə, sizin bu oyunla bağlı proqnozunuz necədi? 
Bu gün "Qarabağ"ın 2:1 hesabı ilə qalib gələcəyini düşünürəm. Buna tam olaraq inanıram.

- "Qarabağ"ın bu mövsüm Avropa Liqasındakı şanslarını yüksək dəyərləndirənlər var. Hətta finala qədər irəliləyə biləcəyini də deyirlər. Siz necə düşünürsünüz, "Qarabağ" qrupdan çıxarsa, hansı mərhələyə qədər irəliləmək imkanına sahibdi?
Bunun üçün öncə hamımımızın duası lazımdı ki, “Qarabağ” qrupdan çıxa bilsin. “Qarabağ”ın bunu bacarması mümkündü. Necə ki, 2004/2005 mövsümündə ÇSKA (Moskva) UEFA kubokunu qazanıb, "Qarabağ" da bu titulu qazanmağa layiq klubdu. Onlar həqiqətən də bunu bacara bilərlər. Bu mövsüm göstərdikləri oyunu da görürsünüz.

- Qurban Qurbanovla "Neftçi"də birlikdə oynamısınız. O, Avropa Liqasında uzun illərdir ki, eyni komandaya rəhbərlik edən yeganə baş məşqçidi. Qurbanovun "Qarabağ"a qazandırdığı nəticələri digər məşqçilərimizin digər komandaların təkrarlaması mümkündü, yoxsa yaxın illərdə bu mümkün olmayacaq?
- Ölkəmizdə yetərincə savadlı və müasir futbolun tələbinə uyğun gələn məşqçilərimiz var. Klub rəhbərlərinin onlara bir neçə il güvənməsi, şans verməsi lazımdı. Ki, onlar da gələcəyin “Qarabağ”ını qura bilsinlər.

- "Qarabağ" "Turan Tovuz"a qalib gəlməklə 10 oyunda 10 qələbə qazanmış oldu. Sizcə, "Qarabağ"ın daxili çempionatda qarşısına çıxacaq, onu dayandıracaq rəqib olacaq? Mövsümün bütün oyunlarını qələbə ilə başa vurmaq şansı var onların?
Deməzdim ki, “Qarabağ” ölkə çempionatında bütün oyunlardan qalib ayrılacaq. Çünki qarşıda daha üç dövrə var. Ona görə də hər bir nəticə qeydə alına bilər.

- Sizin üçün doğma sayılan "Turan Tovuz"un Premyer Liqadakı çıxışı haqda hansı fikirdəsiniz? 9 ildən sonra Tovuz elitaya qayıtdı. Sizcə, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv bu mövsüm liqada və kubokda hansı nəticəyə imza ata bilər?
-  
Ayxan Abbasov işini çox yaxşı bilən mütəxəssisdi. Tovuzda çox mehriban, mübariz komanda qurub. Bunun nəticəsi olaraq “Turan Tovuz” Premyer Liqada altılıq uğrunda mübarizə aparacaq. Ümid edirəm ki, ölkə kubokunda finala qədər irəliləyərik. 


Mirbağırağa

Xəbər xətti