"Qarabağ"ın veteran futbolçusu Emin İmaməliyev Sportal.az saytına açıqlama verib.
O, Ağdam klubunun Avropa Liqasındakı çıxışı barədə danışıb. İmaməliyev Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin AL-in 5-ci turunun "Nant"la görüşdəki məğlubiyyətini şərh edib:
"Qarabağ" "Nant"la oyuna çox yaxşı başlamışdı, üstünlük də onların tərəfindəydi. Adi səhvdən qol buraxsalar da, ruhdan düşmədilər, öz oyunlarını oynadılar. Bunun da nəticəsində də ikinci yarıda hesabı bərabərləşdirdilər. Kadi Borgesin dirəkdən dönən zərbəsini də unutmayaq. Braziliyalının zərbəsi qolla nəticələnsəydi, oyun başqa məcrada keçəcəkdi. Təbii ki, "Qarabağ"ın üstünlüyü ilə davam edəcəkdi. Son dəqiqələrdə buraxılan qol məğlubiyyətə gətirib çıxardı. Bu cür qollar həmişə çox üzücüdü".
Mütəxəssis sabiq komandasının Avropa Liqasının son turunda "Frayburq"la görüşündə istənilən nəticəni qazanacağına inandığını da dilə gətirib: "Qarabağ"a həmişə güvənirik. "Frayburq"a qarşı finala bərabər oyun olacaq. Tarix yazmalarını çox istəyərdik. Bunu oyunçular, "Qarabağ" ailəsi də çox istəyir. İnanıram ki, son oyunda "Qarabağ" qələbə qazanıb Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanacaq. Onlara uğurlar arzulayıram. Hamımız Bakıdakı oyunda onlardan qələbə gözləyirik".
Mirbağırağa