Qurban Qurbanov: "Vacib və layiqli qalibiyyət əldə etdik"

17:30 - 30 Oktyabr 2022

"Qarabağ" Azərbaycan Premyer Liqasının 12-ci turudan səfərdə "Şamaxı"nı 4:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

 

- Futbolçularımı təbrik edirəm. Çox əziyyət çəkdilər. Ümumi yorğunluq, süni örtük səbəbindən topla rahat davrana bilmirdik. İkinci hissədə daha rahat, sərbəst oynamağa başladıq. Vacib və layiqli qalibiyyət əldə etdik. Cavid Hüseynova, komandasına uğurlar arzulayıram.

 

- Medinanı 15 dəqiqə oynatmaq əvvəlcədən planda var idi?

- Bir az çox oynatmaq planda var idi. Sadəcə olaraq Ozobiçin zədələnməsi bir az planı pozdu. 


- Oyunun sonunda 4 hücumçu ilə oynadız. Bu da planlaşdırılmışdı?

- İstəyirdim ki, bəzi oyunçular 20-25 dəqiqə meydanda olsunlar. Həm məşq xarakterli, həm də yerdəyişməni hiss etmələrini istədim. Ozobiç zədələnib, sabah necə olacağını bilmirik. Buna görə bəzi rotasiyalar etdik. Əsasən oyunun gedişatına görə idi. Amma əvvəlcədən düşünülmüş 1-2 planımız var idi. 


- İlk hissənin ağır keçməsi meydança ilə bağlı idi?

- Mən ümumiyyətlə oyunlara çox da ağır demirəm. İlk hissədə topu yaxşı ram edə bilmirdik. Həm də ümumən komandada bir az yorğunluq var. Həm Avroliqada, həm çempionatda ritmdə qalmaq heç də asan deyil. Hava da həddən çox təmiz idi. Bəlkə də bu, bəzi futbolçulara bir az narahatlıq verir. "Şamaxı"nın çox oyunlarına baxmışam. Bir çox matçlarda oyuna görə məğlub olmalı deyildilər. Evdə onlara qarşı oynamaq bütün rəqiblərə çətin olub. Bəzən ola bilər ki, mühitə görə belə görünürdü. 


- İndidən "Qarabağ"a çempion demək olar?

- Nə yaxşı olardı. Görürsüz ki, çempionat necə gedir. Hələ heç mövsümün yarısını oynamamışıq. Qarşıda çox oyunlar olacaq. Bu gün düşünsək ki, çempionluğu tez həll edəcəyik, məğlub olarıq. 


- Nəriman Axundzadə bu gün debüt etdi. Onun oyununu necə dəyərləndirirsiz?

- Normal, razı qaldım. İlk hissədə oyuna tam qoşula bilmədi. Amma ikinci hissədə daha rahat, sərbəst oynamağa başladı. Qarşıdakı matçlarda da Nərimanı meydanda görə biləcəyik.

 

Elçin Əlixan

Xəbər xətti