"Qəbələ" Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində səfərdə "Sabah"a 1:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:
- Oyunun ağır olduğunu öncədən bilirdik. "Sabah" iddialıdır, çempionatımızın liderlərindən biridir. Ümumi götürəndə komandam meydanda yaxşı mübarizə apardı. Matçın dinamikası yüksək idi. Belə məğlubiyyət ağırdır. Amma hər məğlubiyyət bizi daha da güclü etməlidir.
- Ardıcıl iki heç-heçədən sonra "Qəbələ" bu gün yaxşı təsir bağışladı. Qısa müddətdə nəyi dəyişə bildiniz?
- "Qəbələ" xal itirəndə hərə bir cür yanaşır. Bəziləri komandanın içində nəsə baş verdiyini fikirləşir, bəziləri fiziki durumun aşağı olduğunu deyir. İnanın ki, həm komandada ab-hava, həm də fiziki durum yaxşıdır. Sadəcə oyun oyundan fərqlidir. Futbolçular iddialı komandalara qarşı daha yüksək motivasiya ilə oynayırlar. Bu gün də ilk dəqiqələrdən hiss olunurdu. Mənim anlayışımda "qara zolaq" yoxdur. Analiz edib daha yaxşı olmağa çalışacağıq.
- Məcburi əvəzetmələr etdiniz. Bunun oyuna təsiri necə oldu?
- Biz gördüyümüz epizodda təmas var. İndidən durumun necə olduğunu deyə bilmərik. Hakimliklə bağlı danışmaq istəyirəm. Mənim fikrimcə Elvin Camalova ikinci sarı vərəqə verilməli idi. "Sabah"ın qələbəsinə kölgə salmaq istəmirəm. İlk matçda da penaltimiz verilməmişdi. Hücuma keçirdik. Oyunçunu əllə saxlayırsa, ikinci sarı vərəqədir. Matçın qırılma nöqtəsi həmin epizoddur.
- Növbəti turda "Zirə" ilə, sonra isə "Neftçi" ilə qarşılaşacaqsız. Bu məğlubiyyətin həmin matçlara təsiri necə olacaq?
- "Qarabağ"a məğlub olduq, sonra "Şamaxı" və "Kəpəz"lə heç-heçə etdik. Həmin matçlar gərginlik yaratmayıb. Çalışırıq ki, komandanı gərginlikdən uzaq tutaq. Hər oyunun öz yanaşması var. Düşünmürəm ki, məğlubiyyətin növbəti qarşılaşmalara təsiri olsun. Kim deyərdi ki, evdə "Kəpəz"lə matçda xal itirəcəyik? Futboldur, hər şey olur. İnanıram ki, komanda düzgün reaksiya verib daha da yaxşı olacaq.
Elçin Əlixan
saytlarin hazirlanmasi