"Turan Tovuz"un qarşısına avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyulmayıb" - MÜSAHİBƏ

11:59 - 31 Oktyabr 2022

“Turan Tovuz”un kapitanı, Premyer Liqanın 12-ci turunun “Sumqayıt”la oyununda komandasının yeganə qolunu vuran Şəhriyar Əliyev Sportal.az saytına müsahibə verib.

- "Sumqayıt"la matçda qələbə qazanmağı bacardınız. Görüş sizin üçün necə alındı?
- Matça yaxşı hazırlaşmışdıq, rəqibi də düzgün analiz etdik. Bilirdik ki, "Sumqayıt" da qələbə qazanmaq istəyəcək. Çünki aktivindəki xalları artıraraq hazırki vəziyyətdən çıxmaq niyyətləri var idi. Ağır oyun olacağı bəlliydi. Ehtimal edirdik ki, "Sumqayıt" müdafiədə oynayaraq, əks-hücumlara üstünlük verəcək. Rəqibi yaxşı analiz edib, qalib gəldik.

- Rəqibin baş məşqçisi oyunun səviyyəsindən narazılıq edirdi. Səncə, zəif oyun alındı?
Elə oyun olur ki, rəqib müdafiədən oynadığına görə çətinlik çəkirsən, qol epizodları yaratmaq asan olmur. "Sumqayıt"ın qol epizodu yox idi. Amma bizim istifadə edə bilmədiyimiz imkanlar yarandı. Sonda standart vəziyyətdən qələbə qolunu vurduq. Bu cür oyunlarda bir qol hər şeyi həll edir.

- Qol vurduqdan sonra bunu Ayxan Abbasovla qeyd etdin. Sabiq komandana qol vurduğuna görə çox sevindin?
-
Oyunun 88-ci dəqiqəsi gedirdi və hesab da 0:0 idi. Qələbə qazanaraq aşağıda qərarlaşan komandalardan nə qədər uzaqlaşa bilərdik. Bəlkə də onun sevinci idi. Axı qeyri-adi sevinc deyildi. Əsas odur ki, qalib gəldik, komandaya xeyir verdim.

- Qarşıdakı qrafik komanda üçün çox ağırdı?
- Bəli, elədi. Noyabrın 4-dən 13-nə qədər ağır oyunlarımız var. Matçların hər biri də vacib və önəmlidi. Öncə "Şamaxı" ilə matçı düşünürük. Bu matçda qələbə qazansaq, digər oyunlara daha inamlı, rahat çıxmaq olar.

- Həmin qrafikdə "Qarabağ"la oyun da var. Necə düşünürsən, bir müddət əvvəl məğlub olduğunuz Ağdam klubu ilə evdə hansı nəticəni qazana bilərsiz?
- Dediyim kimi, biz öncə "Şamaxı" ilə matçı düşünəcəyik. Həmin oyuna çıxaq, qalib gələk, daha sonra "Qarabağ"la oyun haqda fikirləşərik. İndidən onu deyə bilərəm ki, "Qarabağ"a qarşı oyun da çox çətin keçəcək.

- "Turan Tovuz"u mükafatçılar sırasından dörd xal ayırır. Necə fikirləşirsən, mövsüm sonunda komanda avrokuboklara yollana bilər, yoxsa inandırıcı gəlmir?
-  Komandanın qarşısına avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyulmayıb. Qətiyyən belə məqsəd yoxdu. Oyunlara çıxanda qələbə qazanmaq istəyirik. Mövsümün sonunda hər şey bilinəcək. Ancaq təbii ki, hər bir futbolçu komandasının yüksək pillələrdə olmasını istəyər. Rəqiblərə başağrısı olmağa çalışırıq. Yeni yaranmış komandayıq, döyüşkən kollektiv olmaq istəyirik. Hər kəs avrokuboklara getmək istəyir, amma reallıq da var. Bu il əsas olan komandanı formalaşdırmaq, vacib xallar qazanmaqdı. Mövsüm sonunda harada olacağımızı görəcəyik.

Mirbağırağa

Xəbər xətti