"Heç bir halda düşünmürük ki, çempion olarıq, amma komandanı Premyer Liqaya buraxmazlar" - MÜSAHİBƏ

11:14 - 1 Noyabr 2022

Hazırda Azərbaycan birinci divizionunda da qızğın mübarizə gedir. Xüsusən də çempionluq uğrunda. Mövsümün əvvəlindən çempionluğa əsas namizəd göstərilən “Araz Naxçıvan” ümidləri doğruldur, onlar hazırda turnir cədvəlinin vahid lideridi. Naxçıvan təmsilçisi 8 oyunun 7-də qalib gəlib, birində heç-heçə edərək özünə birinci pillədə yer edib. Komandanın baş məşqçisi Azər Bağırov Sportal.az saytına müsahibə verib. O, "Araz Naxçıvan"ın bu mövsümkü məqsədlərindən və perspektivindən söz açıb.

- Geridə qalan 8 turda komanda cəmi bir oyunda bərabərə qalaraq xal itirib. Digər bütün görüşləri qələbə ilə başa vuran komandanızın çıxışını necə dəyərləndirirsiniz?
- Startı çox yaxşı götürdük. İlk matçımızda, doğma divarlar arasında "Araz Naxçıvan"ın böyük futbola yenidən qayıtmasını yaxşı qeyd etdik. "Qarabağ-2" ilə oynadıq. Son vaxtlar oyunlarımız elə də asan alınmır. Çünki rəqiblər artıq komandanı analiz etməyə başlayıb. Üstəlik, bir neçə zədəli oyunçularımız var idi. Amma onlar indi sağalıb. Son turdakı "Qəbələ-2" oyununu çıxmaq şərtilə, geridə qalan oyunlar istədiyimiz şəkildə keçdi. "Qəbələ-2" ilə oyunda çox qol epizodumuz var idi, amma yararlana bilmədik. Epizodlardan yararlana bilmədikdə, futbolçuların konsentrasiyasında eniş oldu. Matça əlavə edilmiş üçüncü dəqiqədə isə, hansı ki, futbolçular artıq paltardəyişmə otağına yollanmağı fikirləşəndə, qapımızda qol gördük.

- Əslində, komandadan gözlənilən də bu cür nəticə idi. Siz də gözlədiyinizi ala bilirsiniz komandadan, yoxsa daha yaxşı "Araz Naxçıvan" təsəvvür edirdiz?
- Olduğum hər yerdə yaxşı nəticə və bərk kollektiv üçün can yandırmışam. İndi də ilk növbədə, futbolumuzdan da öndə duran da yaxşı kollektivin olmasıdı. Çox mehriban kollektivimiz var. Nəticələrimizin də səbəbi elə mehribançılıqdı. Məşqlərdə də taktiki gedişlərimiz üzərində çalışırıq. Amma mənim üçün bugünkü gündə önəmli olan komandamın bir yumruq olmasıdı. Cavan futbolçularımız var ki, onlar öz klublarında az vaxt tapırdılar meydana çıxmağa. Amma indi bizdə futbolçu var ki, 8 oyunun hamısında 90 dəqiqə meydanda olub. Bu, məni sevindirir. Yaxşı mənada, nələrisə ortaya qoymuşuqsa, bu, həm bizim, həm də Azərbaycan futboluna uğurudu. 

- Qarşıdakı turda rəqibiniz MOİK-di. Hər halda bu oyunun favoriti də sizsiniz. Komandanın mövsümün ilk yarısını neçə xalla başa vurması uğurlu nəticə hesab olunacaq?
- Hər bir oyuna qələbə üçün çıxırıq. Konsentrasiya və motivasiya bizə qələbə üçün kömək olur. Rəqibdən asılı olmayaraq, komanda üç xal qazanmağa çalışır. Kiçik devizimiz belədir ki, nəyin bahasına olursa-olsun, qələbə qazanaq. Təbii ki, bunu yaxşı mənada deyirik. Üç xal bizim üçün çox önəmlidi. Futbolçularıma da deyirəm ki, xırda uğurlar böyük qələbələlərin siqnalıdı. 

- Məğlubiyyətsiz çempionluq yaşaya bilərsiniz? Çünki sizə rəqib tapılmır...
- Futbolda hər şey ola bilər. Niyə də olmasın? Niyə də bunu biz etməyək? "Araz Naxçıvan" adına niyə də göstərməyək? İstədiyim bütün idealarımız komandanın bir yumruq formasında birləşməsidi. Bu gün biz birləşmişik və istədiyimiz amala doğru irəliləyirik. Qələbələr gələcək və "Araz Naxçıvan" azarkeşlərini sevindirəcəyik. Naxçıvana futbol yaraşır. Daha yaxşı günlərimiz irəlidədi.

- Komanda çempion olarsa, yeni mövsümdən Premyer Liqada iştirakı baş verəcək, yoxsa əvvəlki illərdə çempionluq yaşasa da, yüksək liqaya buraxılmayan komandaların aqibətini yaşamaqdan ehtiyat edirsiz?
- Tək fikrimiz komandanı çempion etməkdi. Bizim üçün çox xoş olardı ki, "Araz Naxçıvan" Premyer Liqaya iştirak etsin. Bu, klub prezidentini, Naxçıvan şəhərinin rəhbərliyi üçün də xoş olardı. Görünən bir şey var ki, region komandalarının çoxalması Azərbaycan futbolunun inkişafına gətirib çıxarır. Naxçıvan təmsilçisinin Premyer Liqada iştirak etməsi liqaya daha da rəng qatacaq. Hamı istəyər ki, ölkəmizin bütün regionlarında böyük futbol olsun. Çünki böyük məkanlarda, böyük futbollar daha maraqla izlənilir. Naxçıvanda da futbolu sevən çox adam var. İnanın, heç bir halda düşünmürük ki, çempion olarıq, komandanı Premyer Liqaya buraxmazlar. Belə düşüncəmiz ümumiyyətlə yoxdu. Bu barədə qətiyyən düşünmək istəmirik. İşimiz komandanı hazırlayıb oyunlara çıxarmaq, birinci divizionda nəticə qazanmaqdı.

- Azərbaycan kubokunun 1/8 final mərhələsində "Qəbələ" ilə qarşılaşacaqsınız. Rəqibin baş məşqçisi ilə birlikdə çalışmısız, onu yaxşı tanıyırsınız. Bu, komandaya üstünlük qazandırır?
- Bəli, onu tanıyıram, birlikdə çalışmışıq, uzun illər dostluğumuz olub. Bugünkü gündə də münasibətimiz normaldı. "Araz Naxçıvan" infrastruktur və futbolçu baxımından "Qəbələ"dən geridədi. Amma bu o demək deyil ki, Qəbələyə məğlub durumda gedəcəyik. Əksinə, çalışacağıq ki, cavanlarımızı daha da motivasiya edək, nələrə qadir olduqlarını özləri də görsün. Hələ vaxtımıza var. "Qəbələ"dən öncə çempionatda MOİK və "Mingəçevir"ə qarşı oyunlarımız var. Həmin oyunları oynayaq, daha sonra "Qəbələ" matçını düşünəcəyik.

- Adətən kubok matçlarında daha aşağı liqada mübarizə aparan komanda bir oyunluq matçlarda ev sahibi olur. Görüşün Naxçıvana təyin edilməsi varianti var idi? 
- Əlbəttə, dediklərinizdə həqiqət var və oyunu Naxçıvana da təyin etmək olardı. Amma bilinən səbəblər var. Bugünkü gündə "Qəbələ"nin infrastukturu bizdən daha hazırlıqlıdı. Canlı yayım, VAR məsələlərini nəzərdə tuturam. PFL və AFFA-dakılar nəyi necə etmək lazım olduğunu daha dəqiq bilirlər. Bizim işimiz matça hazırlaşmaq, meydana çıxıb ən yaxşı şəkildə mübarizə aparmaqdı.

- Bir ara "Sumqayıt"a baş məşqçi təyin oluna biləcəyinizlə bağlı xəbərlər dolaşırdı. "Araz Naxçıvan"dakı uğurlu nəticələrdən sonra Premyer Liqanın hansısa klubundan təklif alacağınıza ümidiniz var? 
- "Araz Naxçıvan"dakı uğurlarımıza görə adımız digər klublarla hallana bilər. Məşqçi olaraq mənim üçün xoşdu. Amma "Araz Naxçıvan" mənə çox doğmadı. Bütün düşüncələrim bu komanda ilə bağlıdı. Allah qoysa, komandamız Premyer Liqaya yüksələr, rəhbərlik də bizi burada görmək istəyər. Naxçıvanda işləmək, Naxçıvan və Azərbaycan futbolunun üçün çalışmaq xoş olardı. Həmin günlər yaxındadı. 

Mirbağırağa

Xəbər xətti