"Ən vacib amil "Qarabağ"ın az səhv etməsidi, əminəm ki, futbolçular bir-birini sığortalayacaq, döyüşəcək" - MÜSAHİBƏ

12:25 - 3 Noyabr 2022

Azərbaycanlı futbol mütəxəssisi Sənan Qurbanov Sportal.az saytına müsahibə verib.


- "Qarabağ" bu gün "Frayburq"a qarşı həlledici matçına çıxacaq. Rəqibi də "Frayburq"du. Necə düşünürsüz, təmsilçimiz bu görüşdə istədiyi nəticəni əldə edə bilər?
- "Qarabağ"ı çox çətin oyun gözləyir. "Frayburq" bu mövsüm çox yaxşı formadadı. Qrupumuzu lider bitirir. Onlar onsuzda favorit idilər. "Qarabağ" Almaniyadakı matçda da çox yaxşı təsir bağışlamışdı. Təbii ki, ilk 10-15 dəqiqəni çıxmaq şərtilə. Evdə qələbə qazanmaq lazımdı. "Olimpiakos" - "Nant" matçının da nəticəsi bizim üçün vacibdi. İstənilən halda, "Frayburq"u məğlub etmək daha yaxşıdı, nəinki Yunanıstandan xəbər gözləmək. Mənə elə gəlir ki, "Qarabağ" hər zamankı oyun üslubuna sadiq qalacaq. Müdafiədə daha az səhv buraxaraq, dominant oynamağa cəhd edəcək. "Frayburq"un heyətində usta futbolçular var ki, boşluqdan dərhal istifadə edirlər. Onların bu mövsüm oynadığı oyunlara da baxsaq, bunu görə bilərik. Rəqibin səhvini bağışlamırlar. Bugünkü matçda mənim üçün ən vacib amil, "Qarabağ"ın daha az səhv etməsidi. Hücumda və müdafiədə daha diqqətli oynamaq lazımdı. "Frayburq" ani vəziyyətdə səhvdən yüksək səviyyədə istifadə edir.



- "Nant"la görüşdə məğlub olan "Qarabağ"ın toparlanacağına, "Frayburq"la matçda psixoloji sıxıntı yaşamayacağınıza inanırsız? 
- Məğlubiyyət komandaya mənfi təsir edir. Amma təcrübəli komanda üçün bunun öhdəsindən gəlmək daha asandı. Çünki qarşıdakı oyunlar üçün toparlanmaq lazımdı. Keçmişlə yaşasan, "batıb-gedərsən". Qurban Qurbanovun daha çox təcrübəsi olduğuna görə, komandasını toparlaya bilib. Çempionatda da fərqli hesabla qalib gəldilər. "Nant"a məğlubiyyəti unudulub, "Frayburq"la oyuna kökləniblər. Komanda da başa düşür ki, "Frayburq"la matçda qazanılacaq uğurlu nəticə Azərbaycan futbol tarixində imza atmaq deməkdi. "Nant"la görüşdə fərdi səhvlərdən sonra qollar qaçılmazdı. Kiçik səvhlər etdik qapımızda qollar gördük. "Nant" üstün oynamadı, "Qarabağ" daha kombinassiyalı çıxış edirdi. Sadəcə onlar şanslardan maksimum istifadə etdi.

- "Frayburq"la görüşdə həlledici rolu nə və ya kim oynaya bilər?
- Belə oyunlarda baş məşqçi başda olmaqla bütün kollektivin göstərəcəyi nəticə önəmli olacaq. Hansısa oyunçunu önə çıxarmaq istəməzdim. Bu, "Qarabağ"ın final oyunudu. Belə qarşılaşmalarda bütün kollektiv birləşir, eyni nöqtəyə vurur. Əminəm ki, hər kəs bir-birini sığortalayacaq, döyüşəcək. Gərgin və həyəcanlı matç olacaq.

- Almaniya təmsilçisi qrup liderliyini təmin etməsi bizim üçün üstünlükdü? Yəni, onların matça daha çox oynamayan oyunçularla və rahat çıxacaqlarını gözləmək olar, yoxsa bu, mənasız ehtimaldı?
Almaniya komandaları bu mövzuda daha çox fərqlənir. İnanmıram ki, hansısa futbolçu meydana çıxıb "boş" oyun sərgiləsin. Qeyd etdiyiniz kimi, bu, boş ehtimaldı. "Frayburq" 100 faiz qələbə üçün oynayacaq. Hər halda, "Qarabağ" Almaniya Bundesliqası təmsilçisinə qarşı oynayacaq. Hansı heyətlə oynayacaqlarını bilmirik. Amma qələbə üçün oynayacaqlarına əminəm.

- Son olaraq, "Qarabağ" qrupdan çıxacağı təqdirdə, sizcə yolu nə qədər uzun ola bilər? "Qarabağ" mərhələlər keçməyə qadirdi, yoxsa püşkatmadan, rəqibdən də çox şey asılı olacaq?
-
İstəyərdik ki, komandamız Avropa Liqasında pley-off mərhələsinə çıxsın. Amma bilirik ki, "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsindədi. Daha uzun yol gedə bilər. Çünki bu mövsüm avrokubokların ilk oyunu, "Lex"lə matçdan komandamız çox inamlı və güclü təsir bağışladı. Bu cür qrupda yer tutması..."Qarabağ" "Olimpiakos" kimi nəhəng komandanı üstələdi. Belə olduğu təqdirdə, komandamızdan daha çox şey gözləyirik. Qarşılaşa biləcəkləri rəqibləri də qrupdakı komandalardan güclü olmayacaq. "Qarabağ" daha çox adlı-sanlı klubları keçdiyinə görə, pley-off mərhələsində də mərhələlər adlmaq şansı var. Allah qoysa, bu, onlarda alınar. Bizə sərf edən rəqibin çıxması vacibdi. Çempionlar Liqasından gələcək üçüncü yerin sahibi ilə oynamaq isə bir az çətin görünə bilər. Ancaq bu da mümkünsüz deyil. "Qarabağ" "Lex"lə oyundan bu yana göstərir ki, Avropa Liqasında da mərhələlər adlaya bilər.


​Mirbağırağa

Xəbər xətti