Maksim Medvedev: "Bura Azərbaycan çempionatı deyil, başqa səviyyədir"

12:32 - 4 Noyabr 2022

"Qarabağ"ın kapitanı Maksim Medvedev Avropa Liqası qrup mərhələsinin sonuncu turunun "Frayburq"la matçında sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az 32 yaşlı müdafiəçinin müsahibəsini diqqətinizə çatdırır:

 

- Hamı başa düşürdü ki, bizim üçün çox önəmli oyundur. Uşaqlar bu matça yaxşı hazırlaşırdılar. Çalışırdılar ki, baş məşqçinin verdiyi tapşırıqları düzgün yerinə yetirsinlər. Amma nə qədər istəsək də, vuruşsaq da, bəzi şeylər alınmırdı. Bəzi məqamlar imkan vermirdi ki, biz qol vura bilək. Ümumi baxanda komanda əlindən gələni etdi. Çox problemlər var idi. Hakimin də bizə qarşı antipatiyası olduğu görünürdü. Qol vururuq, VAR-a baxır, sonra penalti epizodu. Hiss olundu ki, futbolçular stressə girdilər, kobud oynamağa başladıq. Təəssüf ki, Medina qırmızı vərəqə gördü. Amma yenə də uşaqlar sağolsunlar, sona kimi mübarizə apardılar. 10 nəfərlə qalmağımıza baxmayaraq, 1 qol vura bildik. 


- Matçın gedişində "Olimpiakos" - "Nant" görüşünün nəticəsi ilə maraqlanmışdız?

- Fasilədə paltardəyişmə otağında olanda maraqlandıq, bildik ki, hesab 0:0-dır. Oyundan əvvəl baş məşqçi tapşırmışdı ki, digər matçın necə olacağının bizə fərqi yoxdur.   Biz öz oyunumuzu oynayıb, qalib gəlməyə çalışacağıq. 


- 5 tur qrup ikincisi oldunuz. Mərhələ adlamaq üçün nə çatmadı?

- Təhlil etsək, çox şey danışmaq olar. Amma bəxtimiz olsaydı, qol imkanlarından daha çox istifadə edə bilsəydik, qrupdan 1-ci də çıxa bilərdik. İlk matçda Almaniyadan ən azından heç-heçə ilə qayıda bilərdik. Təəssüf ki, alınmadı. Bura Azərbaycan çempionatı deyil, başqa səviyyədir. Burada xırda səhvlərə görə rəqib səni cəzalandıra bilər.

 

- Hamı "Qarabağ"ın növbəti mərhələyə keçəcəyini gözləyirdi...

- Azarkeşleri də başa düşmək olar. İndi onlar bizdən daha çox şey istəyir. Biz də daha da irəli istəyirdik. Çox əziyyət çəkirik. Təəssüf ki, hər şey tək istəyimizdən asılı deyil, ustalıq da olmalıdır. İlboyu çempionatda bu tempdə oynasaq, onda daha böyük nəticələrdən danışa bilərik. Bir az uyğun gəlmir. Fransada "Nant"la oynayırıq, 3 gün sonra isə Şamaxıda süni örtüklü meydanda matça çıxırıq. Çox böyük fərq var. Ona görə də uyğunlaşa bilmirik. Almaniyaya, Fransaya yol da çox uzaqdır. Belə xırda məqamlar irəli getməyə imkan vermir. Hər şeyə öyrəşməliyik, futbolçular öz üzərində çox çalışmalıdır. Dərk etməlidirlər ki, hansı oyuna çıxırıq, kimə qarşı oynayırıq. İnanıram ki, bütün matçları təhlil edib daha da formalaşmış komanda görəcəyik.

 

Elçin Əlixan

Xəbər xətti