Rəşad Sadıqov: "Bu gün qismətimizə məğlub olmaq yazılmışdı"

17:26 - 5 Noyabr 2022

"Zirə" Azərbaycan Premyer Liqasının 13-cü turu çərçəvəsində səfərdə "Qəbələ"yə 0:1 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov jurnalitlərin suallarını cavablandırıb:

 

- Turnir cədvəlini nəzərə alsaq, hər iki komanda üçün çox vacib oyun idi. Futbolçular meydanda yaxşı mübarizə apardılar. Mübarizəyə şahid olduq, hər iki komanda pressinq tətbiq etmək istəyirdi. Matçın bitəcəyini gözlədiyimiz bir məqamda meydanın mərkəzindən qol buraxdıq. Əgər 90+3-cü dəqiqədə belə bir qol buraxırsansa, deməli sənin qismətində məğlubiyyət var. Çətin də olsa, məğlubiyyəti həzm edib, yolumuza davam etməliyik.


- Qol epizodunu necə şərh edərdiz? Kimin daha çox əməyi oldu?

- İsti-isti fikir bildirmək çətindir. Meydanın mərkəzindən qol buraxırsansa, burada səhv, düz axtarmağın nə dərəcədə doğru olduğunu bilmirəm. Çətin olsa, da qol buraxdıqdan sonra hücuma atıldıq, küncdən zərbə qazandıq, yüz faizlik qol imkanımız oldu. Təəssüf ki, bundan istifadə edə bilmədik. Açıq-aşkar bu gün qismətimizə məğlub olmaq yazılmışdı.


- İkinci dövrədə 4 oyunun 3-də məğlub olmusuz. Bu düşüşün səbəbi nədir?

- Ümumən 13 turu təhlil etsək, nəticələr qeyri-stabil olub. Bu gün qələbə üçün oynayırdıq. Nəzərə alsaq ki, "Qəbələ" növbəti turda "Neftçi" səfərinə gedəcək, heç-heçə də pis nəticə deyildi. Hər iki komanda istəkli idi. Bu gün hansı nəticə qeydə alınsaydı, layiqli nəticə olacaqdı. Bəlkə də əvvəlki matçlarda məğlubiyyətə yaxın idik. Bəzi oyunlarda qırılma nöqtələri oldu. Amma "Neftçi"yə açıq-aşkar məğlub olduq. Bu gün isə ən azından 1 xala layiq idik. Mütləq şəkildə nəticələrə köklənmək lazımdır. Xal ehtiyatımızı yaxşılaşdırmalıyıq.


- Ötən tur Anar Nəzirov səhv etdi, bu gün ehtiyatda qaldı. Mehdi Cənnətovu da cəza gözləyir?

- Anara cəza verməmişik. Sadəcə olaraq belə səhvlərdən sonra hər futbolçu psixoloji basqı altında qalır. Xüsusilə də mərkəz müdafiəçiləri və qapıçılar. Düşündük ki, bu gün Mehdiyə şans verək. Növbəti turda da rəqibi təhlil edib, məşqdəki performanslara baxıb qərar verəcəyik. Bu gün Mehdi yaxşı çıxış etdi. Qol epizodunda mərkəzdən bunu görmək, o cür dəqiqliklə yerinə yetirmək Ülvinin ustalığı idi. "Qəbələ"nin haqqı idi ki, bu gün 3 xal qazansın.


- Qolu qapıçının səhvinə yox, rəqibin ustalığına bağlayırsız?

-90+3-cü dəqiqədə 50 metrdən bu cür zərbəni yerinə yetirməyə ustalıq lazımdır. 


- Qoldan sonra oyunçularınızın arasında gərginlik yaşandı. Bunun səbəbi nə idi?

- Oyundan sonra soyunub-geyinmə otağında da söhbətimiz oldu. Belə şeylər meydanda qalır. "Qələbə"ni də bir yerdə qazanırıq, məğlubiyyəti də. Bəli, bu tip məğlubiyyətləri həzm etmək çətindir. Amma başqa çıxış yolu yoxdur, yolumuza davam etməliyik. Qarşıda bizi vacib matçlar gözləyir. Bir yerdə qalib gəlib, bir yerdə məğlub ola bilərik. Səhvi bir-birimizin üzərinə atıb, vəziyyəti daha da gərginləşdirmək olmaz.

 

Elçin Əlixan

 

Xəbər xətti