Mövsümün əvvəlində "Qarabağ"dan ayrılaraq "Şamaxı"ya keçən Rauf Hüseynli komandanın əsas oyunçularından birinə çevrilə bilib. Premyer Liqanın 13-cü turunun "Turan Tovuz"la (1:3) görüşündə komandasının qollarından birinə imza atan müdafiəçi Sportal.az saytına müsahibə verib.
- Sezondakı ilk qələbənizi qazandınız. Qələbə qazanacağınıza inam nə qədər idi?
- Oyunu komanda şəklində yaxşı keçirdik. Məşqçilər korpusunun verdiyi tapşırıqları yerinə yetirməyə çalışırdıq. Bəli, biz hər oyuna olduğu kimi, bu matça da qələbə üçün çıxmışdıq. Tovuzda qalib gələcəyimizə çox inanırdıq. Buna görə də sona qədər mübarizə aparıb qalib gəldik.
- Əvvəlki matçlarda nələri edə bilmirdiniz ki, Tovuzda onu edərək qalib gəldiniz?
- Əslində, bütün oyunlarda yaxşı mübarizə aparırdıq. Amma Tovuzdakı matçda düşən qol epizodlarından maksimum istifadə etdik. Buna görə də qalib gəldik. Əvvəlki matçlarda qol şanslarından istədiyimiz kimi yararlana bilmirdik.
- Qollardan birinin müəllifi oldun. Premyer Liqa oyunlarında ikinci qolun idi. Birincisini "Qarabağ"da oynayarkən "Səbail"ə vurmuşdun. Həmin qol anlamlı idi, yoxsa Tovuzdakı?
- Hər ikisinin anlamı mənim üçün fərqli olduğundan, müqayisə edə bilmərəm. Amma həm "Qarabağ"ın heyətində, həm də "Şamaxı" futbolçusu kimi vurduğum qol mənim üçün anlamlı və vacibdi.
- Necə düşünürsən, vurduğun qol, bu mövsümkü performansın "Qarabağ"a qayıtmağında kömək ola bilər, yoxsa Ağdam klubuna dönüşün bir neçə ildən sonra baş tuta bilər?
- Mən hazırda "Şamaxı"nın futbolçusuyam. Fikrimi də, burada mənə şans verilən hər oyunda maksimum performans göstərməyə, inkişaf etməyə yönəltmişəm. Ona görə də, bu barədə hələ ki, düşünməmişəm.
- "Şamaxı" mövsümdə sonuncu pilləni tutmaya bilər? Bu, mümkündü?
- Məqsədimiz oyundan-oyuna komanda və fərdi şəkildə inkişaf etməkdi. Belə olduğu halda, əminəm ki, nəticə olacaq. Hamı hər oyunun mahiyyətini dərk edib, matçlara kifayət qədər motivasiya ilə çıxır. Tovuzdakı qələbə komandanın əhval-ruhiyyəsini daha da yüksəldəcək.
- Növbəti turda son pillədə olan Sumqayıtla qarşəlaşacaqzız. Altı xalləq oyun olduğunu deçək olar?
- Hər iki komanda üçün vacib oyun olacaq. Əlimizdən gələni edəcəyik ki, maksimum nəticə qazanaq. Necə olacağını zaman göstərəcək. Rəqibimiz də yaxşı komandadı.
Mirbağırağa