"Qəbələ"nin braziliyalı futbolçusu Felipe Santos Sportal.az saytına müsahibə verib. O, komandasının Premyer Liqanın 13-cü turunda "Zirə" ilə matçdakı qələbəsini dəyərləndirib. Bununla yanaşı, Santos bu ay Qətərdə start götürəcək dünya çempionatında Braziliya millisinin çempionluq şanslarından söhbət açıb.
- Premyer Liqanın 13-cü turunda evdə “Zirə”ni məğlubiyyətə uğratdınız. Oyuna qədər özünüzdən yuxarı pillədə olan rəqibi məğlub etməyinizi necə qiymətləndirirsən?
- Bu revanş deyildi. Amma rəqibimizdən asılı olmayaraq qələbəyə ehtiyacımız var. Yaxşı hazırlaşdıq və qələbə üçün sona qədər mübarizə apardıq.
- “Qəbələ”yə qələbə gətirən qolu son dəqiqələrdə Ülvi İsgəndərov vurdu. Onun vurduğu qolu hələ ki, mövsümün ən yaxşısı adlandırmaq olar?
- Ülvinin vurduğu qol inanılmaz idi. O, uzaqdan belə qol vurubsa, demək ki, daha çoxuna layiqdi. Gördüyüm ən gözəl qollardan biri idi. Özü də həmin qol bizə qələbə bəxş etdi.
- Komandanız bu turda qalib gəlsə də, qeyri-stabillik var. Bunun səbəbini nədə görürsən?
- O qədər gözəl görünməsək də, əsas odur, təhlükəsiz oyun oynadıq. Ən önəmlisi də qələbə qazanmaq idi. Son oyunlarda daha yaxşı oynayırdıq, amma qalib gələ bilmirdik. Ona görə də, vacib olan üç xaldı.
- “Zirə” üzərində qazanılan qələbədən sonra turnir cədvəlinin 4-cü pilləsinə yüksəldiniz. Yəqin ki, ən azından bu pillədə qalmaq istəyəcəksiz...
- Fikrimiz mümkün qədər yüksəldə olmaqdı. Əgər son oyunlarda heç-heçə etməyib, qalib gələ bilsəydik, indi üçüncü pillədə olacaqdıq. Diqqətimizi yenidən zirvə uğrunda mübarizəyə ayırmışıq.
- Növbəti turda “Neftçi” ilə qarşılaşacaqsınız. İlk dövrədə uduzduğunuz rəqibi bu dəfə məğlub edə biləcəksiz?
- “Neftçi” ilə ilk oyunda qələbəni son anda əldən vermişdik. Halbuki qalib gələ bilərdik. Üç qol vurduq, amma hər dəfə ofsayd qeydə alındı. Bu dəfə “Neftçi”yə qarşı daha ağıllı oynayaraq sürpriz etməliyik.
Mirbağırağa
saytlarin hazirlanmasi