"Qarabağ"a qalib gəlməyimiz sürpriz sayıla bilər" - MÜSAHİBƏ

15:37 - 8 Noyabr 2022

"Turan Tovuz"un legioneri Natan Oduva Sportal.az saytına müsahibə verib. Qərb təmsilçisinin aparıcı üzvü sabah Premyer Liqanın üçüncü turundan təxirə salınmış "Qarabağ"a qarşı keçirəcəkləri oyundan gözləntilərini bildirib.

- "Turan Tovuz" son turda evdə "Şamaxı"ya 1:3 hesabı ilə uduzdu. Özünüz üçün sürpriz nəticə idi?
- Həqiqətən də məyusedici oyun oldu. Əlbəttə ki, uduzmaq istəmirdik, meydana da uğurlu nəticə üçün çıxmışdıq. Amma uduzduq. Hər halda, uzun mövsüm qarşıdadı. Ona görə də həmin məğlubiyyət üzərində dayana bilmərik, yolumuza davam edirik.

- Bu görüşdə "Şamaxı" daha yaxşı idi, yoxsa bəxtiniz gətirmədi? Səncə, məğlubiyyətinizə əsas səbəb nə idi? 
- Hər ikisini qeyd edə bilərəm. “Şamaxı” yaxşı oynadı. Bəlkə də, başqa bir gündə biz onlara gələ bilərdik. Artıq həmin oyun geridə qalıb.

- Sabah "Qarabağ"la oynayacaqsınız. Matça hazırsınız? Sürpriz edə bilərsiniz?
- “Qarabağ”la matçda qələbə qazanmaq üçün mübarizə aparacağıq. Bilirik ki, azarkeşlərimiz 90 dəqiqə bizə dəstək olacaq. Onlar da bizdən uğurlu nəticə gözləyəcək. “Qarabağ”ın gücünü hamı bilir. Buna baxmayaraq, biz sona qədər oynayacağıq.

- "Qarabağ" haqda ümumi fikrin necədi? Bu komandanın daha çox hansı futbolçusu sizin üçün təhlükəlidi? 
- "Qarabağ" həm liqada, həm də avrokuboklarda mövsümə çox yaxşı başlayıb. Məncə, "Qarabağ"ın heyətində hər bir futbolçu güclüdü. İnanmıram ki, onların heyətində fərqlənən yalnız bir oyunçu olsun. “Qarabağ” kollektiv kimi çox güclüdü.

- Yəqin ki, onları məğlub etməyiniz əsl sürpriz olacaq?
- Futbolda hər nəticə qeydə alınır. Amma bəli, “Qarabağ”a qalib gəlməyimiz sürpriz sayıla bilər.

- Premyer Liqanın 11-ci turunda "Qarabağ"la səfərdə qarşılaşmışdınız və 0:3 uduzmuşdunuz. Həmin oyun necə yadında qalıb? Sabahkı görüş həmin oyundan çox fərqlənəcək? 
-  Həmin oyun yadımdadı, amma geridə qalıb. Hər halda, sabahkı yeni oyun olacaq. Bu dəfə biz "Qarabağ"la evdə oynayırıq. Azarkeşlərimiz də tribunada olacaq. Ona görə də, ümid edirəm ki, “Qarabağ”la evdəki matçda yaxşı nəticə göstərəcəyik.

Mirbağırağa

Xəbər xətti