“Qarabağ” futbol klubu ilə Təbrizdə Azərbaycan türklərinin komandası - “Traktor”la (Tirəxtur) yoldaşlıq matçı keçirilməlidir. Bu, bütün dünya azərbaycanlılarının arzusudur. Hər iki komanda əslində dünya azərbaycanlılarının milli kimlik simvoludur və buna görə də belə tarixi yoldaşlıq matçına ehtiyac var. “Traktor” Asiyanın ən nüfuzlu klublarından biri, dünyanın ən çox türk azarkeşi olan komandalardandır. Yalnız Təbrizdə deyil, paytaxt Tehran da daxil olmaqla türk kökənli insanların yaşadığı bütün şəhərlərdə komandanın milyonlarla azarkeşi var. “Traktor”un oyunları orta hesabla 66, 833 min azarkeşin dəstəyi ilə baş tutur. 2016-cı ildə Asiya Çempionlar Liqası çərçivəsində keçirilən Əl-Nəsr -“Traktor” matçını izləyən 65 mindən çox azarkeşlə Asiya azarkeş rekorduna imza atıldı.
1970-ci ildə yaradılan Təbrizin “Traktor” komandasının milli şüarları da ən azı oyunları qədər diqqət çəkir. Özlərini “qırmızı canavarlar” adlandıran “Traktor” azarkeşlərinin “Yaşasın Azərbaycan!”, “Azərbaycan var olsun, istəməyən xar olsun!”, “Azərbaycan yurdumuz, Traktor bozqurdumuz!”, “Qarabağ bizimdir!” şüarları futbol matçı vasitəsilə verilən milli həmrəylik mesajlarıdır. Fars rejiminin təzyiqlərinə rəğmən “Traktor” azarkeşləri təqvim günlərinə uyğun gələn oyunlar zamanı Xocalı soyqırımının qurbanlarını da yad edir. Ümumiyyətlə, komandanın keçirdiyi oyunlar soyqırım və anım günləri ilə üst-üstə düşürsə, şəhidlərimizin xatirəsi şüarlarla mütləq yad edilir.
“Qarabağ” da Azərbaycan futbolunun ən güclüsüdür. Komanda ardıcıl 9 dəfə UEFA-nın klub turnirlərinin qrup mərhələlərinə vəsiqə qazanmaqla Azərbaycan futbolunda tarix yazıb. 1 dəfə Çempionlar Liqası, 7 dəfə Avropa Liqası, 1 dəfə isə Konfrans Liqasının qrup mərhələsində iştirak edib. 2021/22 mövsümündə Konfrans Liqasının qrup mərhələsini keçməklə Azərbaycan futbolu tarixində növbəti ilkə nail olub.
İndiyə qədər keçirilən bütün mövsümlərdə iştirak edən yeganə klublardan biri olan “Qarabağ”ın Azərbaycan xalqı üçün mənəvi əhəmiyyətinə gəlincə, 30 illik işğal dövründə yaşıl meydanlarda qazandığı uğurlar QARABAĞ həqiqətlərinin dünyaya təqdimatı idi. Ona görə milyonlarla azarkeş ordusu olan Ağdam klubunun hər uğurunu Ermənistan özü üçün ağır zərbə kimi qəbul edirdi. Bu illər ərzində çoxsaylı qələbələrə imza atan “Qarabağ” klubu dünyanın, eyni zamanda Avropanın ən güclü komandaları arasında yer tutan klublardan biridir. Qarabağ işğaldan azad olunduqdan sonra da Ağdam klubu tarixi qələbələri davam etdirir.
“Qarabağ” bu vaxta qədər bir çox komandalarla yoldaşlıq oyunları keçirib. Aydındır ki, yoldaşlıq matçları futbol yarışlarından kənar qeyri-rəqabətli oyundur. Azərbaycan futbolunun ən güclüləri – “Qarabağ” və “Tirəxtur” yoldaşlıq matçının da zövqünü dadmağın vaxtıdır. 50 milyonluq Azərbaycan xalqı belə bir milli futbol bayramını səbirsizliklə gözləyir və haqq edir.
SPORTAL.AZ
saytlarin hazirlanmasi