"Favorit "Qarabağ"dı, "Gent"lə müqayisədə təcrübəsi daha çoxdur" - MÜSAHİBƏ

13:26 - 10 Noyabr 2022

"Lamia"nın qapıçısı Boyan Şaranov Sportal.az saytına müsahibə verib. 2016/2017 mövsümündə “Qarabağ”ın qapısını qorumuş serbiyalı qolkiper Ağdam təmsilçisinin avrokuboklardakı çıxışını dəyərləndirib.

- "Qarabağ"ın bu mövsüm avrokuboklardakı çıxışını izləmisən?
- Bəli, izləmişəm. Avropa Liqasında çətin qrupa düşmüşdülər. Məncə, "Qarabağ" layiqli şəkildə mübarizə apardı. Qrupdan çıxmağa da yaxın idilər. Amma son anda şanssızlıq onlara mane oldu.

- Yunanıstanda oynadığına görə, yəqin ki, "Qarabağ"ın "Olimpiakos"la oyunlarına baxmışdın?
- "Olimpiakos"la görüşdə "Qarabağ" çox yaxşı oyun oynadı. Bu mövsüm mən də "Olimpiakos"a qarşı çıxış etmişəm. Həqiqətən onlar çox güclüdür. Heyətinə ulduz futbolçular cəlb ediblər. Müəyyən müddət keçdikdən sonra Pirey klubu daha da güclü olacaq. "Qarabağ" onları səfərdə məğlub etməyi bacardı. Bunu yaxşı futbol oynayaraq etmişdilər.

- Əvvəllər qapısını qoruduğun "Qarabağ"ın hazırkı uğurunu nə ilə əlaqələndirirsən?
- Əlbəttə ki, "Qarabağ" olduqca əla çıxış edir. Onlar çox yüksək nəticələr əldə edirlər. Burada Qurban Qurbanovun xidməti yüksəkdir. O, komanda üçün ən vacib adamdır.

- "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində "Gent"lə qarşılaşacaq. Səncə, püşkatma "Qarabağ" üçün yaxşıdı?
- Təbii ki, rəqiblər arasında çox güclü və nisbətən zəiflər də var idi. "Fiorentina" da düşə bilərdi. Hər halda, püşkatma "Qarabağ"ın qarşısına "Gent"i çıxardı. Məncə, normal püşkatmadır.

- Səncə, favorit "Gent"di, yoxsa "Qarabağ"?
- Məncə, bu cütün favoriti "Qarabağ"dır. "Gent"lə müqayisədə "Qarabağ"ın təcrübəsi daha çoxdur. Avrokuboklarda daha çox oyun oynayırlar. Əminəm ki, onların şansı 40/60-dır.

- "Qarabağ"ın Konfrans Liqasında hara qədər irəliləyə biləcəyini düşünürsən?
- Təbii ki, "Qarabağ" öncə "Gent" səddini keçməlidi. Belçika klubunu məğlub etdikdən sonra, növbəti rəqibi gözləmək lazımdır. Püşkatmadan da çox şey asılıdır. Amma öncə "Gent"lə oyun var. "Qarabağ"a uğurlar arzu edirəm və ümid edirəm ki, onlar mərhələni adlayacaq.

- Bu komanda Azərbaycan Premyer Liqasında da oynadığı 13 oyunun hamısında qalib gəlib...
- Bəli, xəbərim var. "Qarabağ" avrokuboklarda olduğu kimi, ölkədaxili oyunlarda da uğurlu çıxış edir. Uzun illərdir ki, komanda dominantlıq edir. Hər halda, bu mövsüm də "Qarabağ" çempionluğa iddialıdı və böyük ehtimalla liderliyi əldən verməyəcək. 

Mirbağırağa

Xəbər xətti