"Gent" haqda geniş məlumata sahib deyiləm. Sadəcə olaraq, onu bilirəm ki, Belçika çempionatında iştirak edir və turnir cədvəlində 4-5-ci yerdədi. Konfrans Liqası Avropa Liqası səviyyəsindədi. Püşkatmada hansı komandanın düşməsindən asılı olmayaraq, zəif deyil, oynamaq lazımdı. "Qarabağ" "Nant", "Olimpiakos", "Frayburq"a qarşı necə futbol oynadı, hamı gördü".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın veteran futbolçusu Rəşad Kərimov deyib.
Vaxtı ilə Ağdam klubunda oynamış Kərimov "Qarabağ"ın avrokuboklardakı çıxışını dəyərləndirib. O, yoluna Konfrans Liqasının pley-off mərhələsində davam edən Azərbaycan çempionu barədə bunları deyib: "İstəməzdim ki, püşkatmada rəqib qismində "Fiorentina", "Braqa", "Trabzonspor" düşsün. Elə ən uyğun rəqib "Gent" idi. Bu komanda ilə oynaya biləcəklər. "Qarabağ"ın da təcrübəsi "Gent"dən çoxdur. Həmin gün hansı formada olmaqları da həlledicidi. Mənə elə gəlir ki, "Qarabağ" "Gent"dən üstündür və onu keçməyə borcludu".
Kərimovun fikrincə, ölkə çempionu Avropada səviyyəcə üçüncü klub turnir olan yarışın favoritlərindəndir: "Qarabağ" Konfrans Liqasının favoritlərindəndi. Avropa Liqasının qrup mərhələsindən son anda çıxa bilmədilər. Amma onlar Konfrans Liqasındakı 3-4 güclü komandalarından biridir. Heç kimdən geri qalmırlar. Güclüdür ki, zəif deyillər. "Qarabağ" "Gent"i rahat keçəcək".
Sonda isə Ağdam klubunun sabiq üzvü Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin yoluna Avropa Liqasında davam edə bilməməsinə münasibət bildirib:
"Qarabağ" "Nant"la matçda işini çətinə saldı. Fransadakı matçda son dəqiqələrdə qol buraxdılar. Halbuki oyunu üstün oynadılar, 100 faizli qol epizodları yaranmışdı. "Nant" son 5-6 dəqiqədə çox təzyiq etdi. Meydana sonradan daxil olanlar da oyunun taleyini həll etdi. Heç kim deyə bilməz ki, "Qarabağ" "Nant"la matçda zəif oynadı. Bakıda da "Frayburq"la 1:1 oldu. Son turda Bakıda hakimlər, Yunanıstanda da "Olimpiakos"un nə etdiyini gördünüz. Yunandılar da, belə edəcəkdilər də. Son dəqiqələrə qədər Pireydə matç 0:0 davam edirdi. Bakıdakı hesabdan xəbərləri oldu və ardıcıl iki qol buraxdılar. Fransız və yunan birləşdi ortaya belə mənzərə çıxdı. Rəqib "Qarabağ" yox, başqası olsaydı, eyni hadisələr yaşanmayacaqdı. "Qarabağ"ın qrupdan çıxmasına imkan vermədilər. Ancaq istənilən halda, hər şey "Qarabağ"ın öz əlindəydi. Bakıda "Frayburq"u mütləq udmalıydıq. Nəysə, o da bir təcrübədir".
Mirbağırağa