"Laurentsiu Regekampfın açıqlamaları çox gülünc və utancvericidir" - MÜSAHİBƏ

17:44 - 11 Noyabr 2022

Azərbaycanlı futbol mütəxəssisi Bəxtiyar Musayev Sportal.az saytına müsahibə verib. Veteran futbolçu "Qarabağ"ın Premyer Liqadakı maksimum nəticəsini və "Neftçi"nin hazırki durumunu dəyərləndirib.

- Azərbaycan Premyer Liqasına 13 turun hamısında qalib gələn "Qarabağ" başçılıq edir. Bu komandanın çıxışını necə dəyərləndirirsiniz? 
- "Qarabağ"ın 13 oyuna 13 qələbə qazanması məni təəccübləndirmədi. Çünki onlar möhtəşəm çıxış edirlər. Avropada böyük klublara qarşı da necə oynamaqları göz qabağındadır. Bu mənada, onların daxili çempionatda bütün görüşlərini qələbə ilə başa vurması gözlənilməz deyildi. "Qarabağ" çox intizamlı oyunu və potensiallı futbolçuların hesabına bu cür nəticələr əldə edir. 

- "Qarabağ"ın mövsümün bütün oyunlarını qələbə ilə başa vurması mümkündür? 
Bütün oyunları qalib başa vura biləcək potensiala malikdirlər. Amma futbolda bəzən olur ki, 20 hücum edirsən qol vura bilmirsən. Rəqib isə bir hücuma hesabı açır. Yəni, bunlar futbolun içində olan məsələlərdir.   "Qarabağ" hər oyuna indiki motivasiya ilə çıxsa, çempionatın bütün oyunlarını qələbə ilə başa vura bilər. Bəli, çətin olacaq. Amma bayaq dediyim istisnalar olmasa, liqanı maksimum nəticə ilə başa vurmaqları mümkündür. 

- "Qarabağ"a bu mövsüm çempionluq mübarizəsində "Sabah"ın daha inandırıcı rəqib olduğu deyilir. Sizə, "Sabah" həqiqətən sona qədər "Qarabağ"a rəqib ola biləcək? 
- Belə olacağını düşünmürəm. Bəli, "Sabah"ın sərgilədiyi futbol çox xoşuma gəlir. Lakin istənilən halda, futbolçuların səviyyəsini və ümumi komandanı götürəndə, "Qarabağ" "Sabah"dan çox üstündü. İnanmıram ki, "Sabah" "Qarabağ"la çempionluq uğrunda başabaş mübarizə aparsın. "Qarabağ" və "Sabah" klubları arasındakı şəxsi oyunlardan sonra, aralarındakı fərq böyüyə də bilər. Amma dediyim kimi, "Sabah" da çox xoş təsir bağışlayır. Murad Musayevin gəldiyi gündən gördüyü işlər göz qabağındadı. Baş məşqçi təyin edildikdən sonra "Sabah"ın sərgilədiyi futbol məni yaxşı mənada təəccübləndirmişdi. Gördüyüm məni yanıltmadı. Murad Musayevin işi göz qabağındadı.

- Bu həftə elə "Sabah" - "Qarabağ" matçı keçiriləcək. Bu görüşdən gözləntiniz və proqnozunuz necədi? 
-
Çox maraqlı oyun olacaq. İstəyərdim ki, ilk oyundakı kimi bolqollu oyun alınsı. "Sabah"ın da oyunu göz oxşayır. Bu dəfəki oyundan da azarkeş və mütəxəssis kimi zövq almaq istəyirəm. Proqnozuma gəlincə, "Qarabağ"a hətta "Sabah" da rəqib deyil. Ağdam komandası qalib gələcək.

- "Neftçi"də isə işlərin yaxşı getmədiyi görünür. Bu komanda çempionluq mübarizəsində yer ala biləcək? 
- Çoxları "Aris"lə oyundan sonra deyirdi ki, "Neftçi" "Qarabağ"a rəqibdi, çempionluq uğrunda gərgin mübarizə gedəcək. Amma mən həmin oyundan sonra da, "Neftçi"nin böyük potensial vəd etməyən komanda olduğunu görmüşdüm. Bildirmişdim ki, "Aris"lə oyunlardakı performans heç kimi aldatmasın. "Neftçi" avrokuboklarda səfərdə sadəcə fiasko idi. "Aris" zəif idi deyə, "Neftçi" qalib gəlmişdi. Çoxlarına xoş gəlməyə bilər, amma düzünü demək lazımdı. Doğru sözü demək lazımdır ki, düzgün nəticə çıxarsınlar. Təəsssüf ki, "Neftçi"də həmin oyundan sonra eyforiya yaranmışdı. Çempionatda 1-2 tur keçdikdən sonra demişdim ki, "Sabah" "Neftçi"ni qabaqlayacaq, ən azından 7-10 xal irəlidə olacaq. Amma hələ çempionatın sonları deyil, yeni başlayıb və bu iki komanda arasındakı xal fərqini görürük. "Neftçi" elə vəziyyətdədir ki, nəinki "Qarabağ"a heç "Sabah"a rəqib deyil. Bu, şəxsi fikrimdi. Təəsssüf ki, "Neftçi" ildən-ilə zirvələrdə qərarlaşamaq əvəzinə, qeyri-sabit çıxışı ilə mütəxəssisləri və azarkeşləri məyus edir.

- Laurentsiu Regekampfın "Neftçi"də hər hansı işi, komandaya yeritdiyi oyun fəlsəfəsi görünür? 
Regekampfın heç bir oyun dəst-xətti görünmür. İlk günlərdə heyəti quranda, müdafiənin sağında Mamadu Mbocu oynadanda, bu məşqçinin "Neftçi"də böyük işlər görəcəyinə inanmamışdım. Bu, öz təsdiqini tapır. 4-5 tur keçib, deyir ki, Azəri Əliyevi sol cinah müdafiəçisi kimi ki, kəşf etdim. Amma Azər Əliyev illər öncə sol müdafiəçi kimi oynayıb. 4-5 turdan sonra onu görmək absurddu. Axı bunu bir neçə məşqdən sonra da görmək mümkün idi. 7-8 tur keçib, deyir ki, Qodsvay Donyonun vinger kimi də çıxış edə biləcəyindən xəbərim yox idi. Nəysə...Amma Laurentsiu Regekamfın açıqlamaları çox gülünc və utancvericidir. Bəlkə, klub rəhbərliyinin xoşuna gəlir ki, Regakampf filan oyunçunun hansı mövqedə də oynaya biləcəyini gördü. Halbuki bu, çox utancvericidi. Çünki məşqçi bunu bir neçə məşq və oyundan sonra rahat şəkildə görə bilərdi. Hər halda, söhbət yaxşı məşqçidən gedir.   

- Rumıniyalı məşqçinin adının tez-tez "Styaua" ilə hallanmasını nə ilə əlaqələndirirsiniz? Sanki işlər yaxşı getməyən kimi onunla maraqlanan klubların olduğu ortaya çıxır..
- Futbolda bəzi hiylələr var. Məşqçilər öz tanıdıqları, onu reklam edə biləcəyi bəzi jurnalistlər tərəfindən mətbuata şayiələr buraxırlar. Bəzən işlər yaxşı getməyəndə, məşqçilərin öz klubuna yaxın jurnalistlər vasitəsilə mediaya yalan xəbərlərlər sızdırırlar. Bu, hədəflərdən yayınmaq üçündür. Belə halları çox görmüşəm. İndi də olduğunu bilirəm. Bunun hansı tərəfdən olduğunu dəqiq deyə bilmərəm. Amma belə hallarla rastlaşmışam, çox görmüşəm. Ona görə də mənim üçün təcəccüblü deyil. 

Mirbağırağa

Xəbər xətti