"Qəbələ"ni keçmək niyə mümkün olmasın?" - MÜSAHİBƏ

17:01 - 13 Noyabr 2022

"Araz Naxçıvan"ın futbolçusu, "Beşiktaş"ın yetirməsi, U-19 və U-21 yığmamızın sabiq üzvü Ege Atlam Sportal.az saytına müsahibə verib.

- "Araz Naxçıvan" mövsümdəki ilk məğlubiyyətlə Mingəçevirdə üzləşdi. Həmin oyunu necə dəyərləndirirsən?
- Çox bərbad ot örtüyündə çətin mübarizə getdi. Təbii ki, biz bütün oyunlara uğurlu nəticə üçün çıxırıq. Mingəçevirdə də üç xal istəyirdik. Amma təəssüf ki, uduzduq. Xeyirlisi olsun.

- Liderliyi "Neftçi-2"yə təhvil verdiniz. Psixoloji olaraq hazırkı durumdan çıxa biləcəksiz?
- Çempionat uzundur, hələ qarşıda çox oyun var. Qış fasiləsinə qədər bütün oyunları qalib gələrək liderliyi qaytarmaq, fasiləyə birinci pillədə yollanmaq niyyətindəyik.

- Mövsümə yaxşı başlamışdınız. Amma son matçlarda qeyri-stabil çıxış etdiniz. Stabil olmamağınızın səbəbi nədədir?
- Bizim də xətalarımız var. Özümüzə gəlməliyik. Allah qoysa, bunu da edəcəyik. Dediyim kimi, liqa uzundur. Bu cür dönəmləri hər komandada yaşayacaq.

- “Araz Naxçıvan”ın Premyer Liqaya yüksələcəyini gözləyənlər az deyil. Klub bunu bacararsa, qalacaqsan, yoxsa ayrılmaq ehtimalın var?
- Mənim komandadan ayrılmaq kimi düşüncəm yoxdur. Amma bu, tək tərəfin düşüncəsi ilə veriləcək qərar deyil. Klubla gələcək illə bağlı görüşmələrimiz olmayıb. Hazırda "Araz Naxçıvan"da xoşbəxtəm.

- Ölkə kubokunun 1/8 final mərhələsində "Qəbələ" ilə qarşılaşacaqsınız. Premyer Liqa klubunu üstələyib növbəti mərhələyə adlamağınız mümkündür?
- "Qəbələ"ni keçmək niyə mümkün olmasın? Biz yaxşı komandayıq. Son vaxtlarda yaşadığımız xal itkiləri bunu dəyişdirə bilməz. Hər şeydən əvvəl özümüzə inanmalıyıq. "Qəbələ" ilə görüşdə ən yaxşısını etməliyik. O zaman nəsə əldə edə bilərik. 

Mirbağırağa

Xəbər xətti