"Yenidən Avropaya yollanmaq əsas hədəflərimdən biridir" - MÜSAHİBƏ

18:37 - 14 Noyabr 2022

"Şamaxı"nın hücumçusu Kamran Quliyev Sportal.az saytına müsahibə verib. Aktivindəki qolların sayını 4-ə çatdırmış forvard komandasının hazırkı durumundan danışıb. Bununla yanaşı, 22 yaşlı hücumçu legioner həyatı yaşamaq istəyini bildirib. 

- "Sumqayıt"la matçda qalib gəlməyi bacardınız. Matç sizin üçün necə alındı?
- Bu oyunda qələbə qazandığımıza görə ilk növbədə çox sevincliyik. Məşqçilər korpusunun tapşırıqlarını tam olaraq yerinə yetirdik. Onlar "Sumqayıt"ı yaxşı analiz etmişdi və bizə də rəqibin boşluqları haqda məlumat vermişdi. Bacardığımız qədər həmin boşluqlardan istifadə etdik.

- İki oyuna 7 qol vurmusunuz. Hücum xəttində işləriniz daha yaxşı gedir?
- Biz daha artığını etməliyik. Buna gücümüz də çatar. Məşqlərdə müxtəlif kombinassiyaları hazırlayırıq. Oyunlarda da ondan istifadə edərək qol vurmağa çalışırıq.

- "Sumqayıt"la matçda dubl etməyi bacardın. Bundan əvvəlki oyunda da qol vurmuşdun. Bombardirlər sırasında özünə yer edə biləcəksən?
- Məşqlərdə çox çalışıram. Çalışacam ki, qollarımın davamı gəlsin. Bombardirlər siyahısında yer ala bilərəm. Ən yaxşısını edəcəm. Vurduğum qollara görə yox, həm də qalib gəldiyimizə görə sevinirəm.

- Ölkə kubokunun 1/8 final mərhələsində "Turan Tovuz"la üz-üzə gələcəksiz. Mərhələni adlamaq ehtimalınızı necə dəyərləndirirsən?
- "Turan Tovuz" çox yaxşı təşkil olunmuş komandadır. Onlara qarşı çempionatda oynamışıq. Biz mərhələni keçməyi çox istəyirik. Bunun üçün çalışacağıq. Fasilədir və çalışmaq üçün vaxtımız olacaq. Turu keçərək azarkeşləri sevindirmək istəyirik.

- "Şamaxı"da bombardirlik keyfiyyətlərini göstərərək müqavilə ilə məxsus olduğun "Sabah"ın məşqçilərinin diqqətini cəlb edə bilərsən?
- Hələ ki, 4 qol vurmuşam. Çalışacam ki, davamı gəlsin. Ən əsası isə oyun praktikamın olmasıdır. Nə qədər çox oynasam, mənim üçün bir o qədər yaxşıdır. Çünki təcrübəmin artması vacibdir. "Sabah"ın məşqçilər korpusunun diqqətini cəlb edə bilib-bilməyəcəyim barədə bir söz deyə bilmərəm.

- Bir müddət Litvada legioner həyatı yaşamışdın. Bu, karyerana necə təsir etdi?
- Yenidən Avropaya yollanmaq əsas hədəflərimdən biridir. Orada da bacardığım qədər çox qalıb, sevdiyim işlə məşğul olmaq istəyirəm. Litvada sosial həyatımla bağlı çox təcrübə topladım.

- "Şamaxı"nın əsl gücü nəyə imkan verir? Daha üst pillələrə yüksəlməyiniz realdır?
- Təbii ki, mümkündür. Hazırda layiq olduğumuz pillədə deyilik. Daha da yuxarı pillələrdə ola bilərik. Mövsümün əvvəllərində bir qədər təcrübəmiz olsaydı, daha çox xal toplayardıq. Lakin təcrübəsizlik bizə mane olurdu. Yavaş-yavaş təcrübə topladığımızı hiss edirik.

Mirbağırağa

Xəbər xətti