"Bəlkə də, baş məşqçi onlardan gözləntilərini ala bilmir deyə, tez-tez belə qərarlar verir" - MÜSAHİBƏ

11:52 - 15 Noyabr 2022

"Səbail"in kapitanı, Azərbaycan millisində də oynamış Rahid Əmirquliyev Sportal.az saytına müsahibə verib. Təcrübəli futbolçu komandasının bu mövsümkü nəticəsini dəyərləndirib. Bununla yanaşı, o, Azərbaycan millisinin qarşıdakı oyunlarından gözləntilərini bildirib.

- "Səbail" son turda "Zirə"yə məğlub oldu. Səncə, komandanız niyə uduzdu "Zirə"yə? 
"Zirə" oyununa yaxşı hazırlaşmışdıq. Neçə oyun idi ki, qalib gələ bilmirdik. Bu matçda qələbə qazanmaq niyyətindəydik. Yaxşı hazırlaşmışdıq. Oyuna pis başlasaq da, sonradan eyni səviyyədə oyun getdi. Futbolda elədir ki, düşən imkandan yararlanmalısan. "Zirə" ikinci hissədə bir qol epizodundan istifadə etdi. Düzdü, bizdə də son dəqiqədə qol imkan yaratdıq. Təəsssüf ki, yararlana bilmədik. Oyuna pis başlasaq da, özümüzə gəlmişdik. Bu matçdan minimum bir xalla ayrıla bilərdik.

- Hazırda komandanız 7-ci pillədədir, özü də 10 xala sahibsiz. Daha yaxşı büdcə, daha iddialı heyətlə komandanın bu mövsüm üst pillələrdə olacağı gözlənilirdi...
-
 Bu il komandada çox dəyişiklik oldu. Əlbəttə ki, bunun müqabilində daha yaxşı nəticə gözləyirdik. Düşünürdük ki, yaxşı yerlər uğrunda oynayacağıq. Təəsssüf ki, vəziyyət hazırda bu yerdədi. Elə oyunlar oldu ki, daha çox xala layiq idik. Amma qazana bilmədik. Çempionat hələ davam edir. Düşünürəm ki, biz daha üst pillələrə yüksələ bilərik. Məqsədlərə çata biləcək komandamız var. Çalışacağıq ki, gələn turlarda layiqli oyun göstərib, xalları sıralayıb, turnir cədvəlində də yuxarı pillələrə yüksələk.

- Milli komandaların oyunlarına görə çempionata fasilə verilib. Fasilədən sonra kubokda MOİK-lə qarşılaşacaqsız. Səncə, birinci divizion klubunu keçə biləcəksiz? 
Düzdü, fasilə yaranıb. Həm kubok, həm də çempionat oyunlarına hazırlaşmağımız üçün yaxşı imkandı. MOİK birinci divizion təmsilçisidiir. Buna baxmayaraq, asan oyun olmayacaq. Ciddi hazırlaşmalıyıq. Özü də səfərdə oynayırıq. Eşitdiyimə görə, stadionun qazonu yaxşı vəziyyətdə deyil. Ona görə bizi çox çətin oyun gözləyir. Vaxtımız var ki, yaxşı hazırlaşıb, kubokda mərhələ keçək.

- "Səbail"in qeyri-stabil çıxışını nə ilə əlaqələndirirsən? Heyətə çox sayda legioner cəlb edilsə də, əksəriyyəti gah əvəzedici heyətə göndərilirdi, gah da əsas komandada şans tapmırdı. Kollektivdəki ab-hava necədi?
Stabil oyun nümayiş etdirə bilmirik. Bunun nə ilə əlaqəli olduğunu bilmirəm. Ancaq səbəbləri var. Yeni komandayıq, legionerlərin hamısı yenidir. Zədəlilərimiz də az deyildi. Demək olar ki, hər oyunda dəyişikliklər baş verir, stabil heyətlə meydana çıxa bilmirik. Zədəlilərimiz olur. Bunları da səbəb kimi göstərmək mümkündür. Legionerlərin əvəzedici heyətə göndərilməsi, ehtiyatda qalması barədə danışmağım düzgün olmazdı. Çünki bunlar baş məşqçinin qərarlarıdır. Kimin əsas heyətdə oynayacağı, kimin ehtiyatda qalacağı, kimin əvəzedici heyətə göndərilməsi onun qərarıdı. Yəqin səbəblər var ki, baş məşqçi belə addımlar. Bəlkə də, legionerlərdən çox şey gözləyirdik. Bəlkə də, baş məşqçi onlardan gözləntilərini ala bilmir deyə, tez-tez belə qərarlar verir. Bu, mənim fikrimdi.

- Əgər "Səbail"də yenə stabil olaraq oynamasan qışda komandadan ayrılmaq fikrin var? 
- Düzdü, axır vaxtlar az oluram meydanda. Amma bunlar hamısı baş məşqçinin verdiyi qərarlardı. Komandadan ayrılmaq, ya başqa təklifləri dəyərləndirməyi fikirləşmirəm. Qışa kimi yaxşı çıxış etməyimizi, turnir cədvəlində vəziyyətimizi yaxşılaşdırmağımızı fikirləşirəm. Təklif filan da yoxdur. Qışa qədər xeyli oyun var. Bütün fikirlərimizi bu oyunlara yönəltmişik. Ki, nəticələrimizi qışa qədər yaxşılaşdıraq.

- Azərbaycan milli komandasında uzun illər oynamısan. Hazırkı millinin çıxışını necə dəyərləndirirsən? Yığma Millətlər Liqasında son üç oyunda qalib gəlib. Səncə, yeni tsikdlə milli Belçika, İsveç, Avstriya və Estoniyaya qarşı necə çıxış edə bilər?
- Bəli, milli son üç turda qələbə qazanıb. Bu, sevindirici haldır. Amma bunun o biri tərəfi də var. Turnir cədvəlinə baxanda, bir növ əhəmiyyətsiz oyunlar olduğu görünür. Ona görə də, geridə qalan üç oyuna görə gələcək haqda nəsə demək olmaz. Yeni tsikldə çox çətin rəqiblər düşüb millinin bəxtinə. Bircə Estoniyadır ki, onlarla oynamaq olar. Olar deyəndə, məğlubiyyətə uğrada bilərik. Belçika, Avstriya və İsveçə qarşı isə çox ağır olacaq. Həmin oyunlarda xal qazanmaq çətin məsələdir. Azərbaycan millisi hər tsikldə hansısa komandaya başağrı olur. Rəqiblər nə qədər güclü olsa da, millimizə həmişə inanırıq, onlara dəstəyik. İstəyirik ki, millimiz yaxşı nəticə əldə etsin.

Mirbağırağa

Xəbər xətti