"Patrik Andrade və Leandro Andrade mənim keçmiş futbolçularım olub deyə, onlarla indi də maraqlanıram. Patrikin "Qarabağ"dan ayrılaraq "Partizan"a keçdiyini bilirəm. "Qarabağ"da çox yaxşı çıxış edirdi".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Çerno More"nin baş məşqçisi İlian İliev deyib.
Varna klubunun çalışdırıcısı hazırda "Qarabağ"da oynayan Leandro Andrade barədə də fikirlərini bildirib. Onun fikrincə, 23 yaşlı futbolçu böyük potensiala malikdir:
"Leandro bizim komandada oynayıb deyə, onu yaxşı tanıyıram. "Qarabağ"da da onu izləyirəm. Leandro böyük potensiala malikdir. Ona uğurlar arzulayıram və "Qarabağ"da böyük oyunçu olacağına inanıram".