Altı il ölkəmizdə oynamış Moldovanın veteran forvardı: "Azərbaycan millisində stabillik yoxdur" - MÜSAHİBƏ

11:48 - 16 Noyabr 2022

Bu gün Moldova və Azərbaycan yığmaları yoldaşlıq görüşündə üz-üzə gələcək. Premyer Liqamızda indiyə qədər bu ölkədən oynamış çox futbolçu olub. Anatoli Doroş isə Azərbaycanın ən çox fərqli klubunda çıxış etmiş moldovalıdır. Sportal.az saytına müsahibə verən Moldova millisinin veteran forvardı oyun və Azərbaycan yığması haqda fikirlərini bildirib.

- Bu gün Moldova və Azərbaycan milli komandaları üz-üzə gələcək. Matçla bağlı düşüncələriniz necədir?
- Azərbaycan demək olar ki, Moldovanın birbaşa rəqibidir. Doğrudu, hazırda Azərbaycan reytinqdə bizi qabaqlayır. Hamımızın bundan xəbəri var. Moldova futbolunda, millisində yenilənmə işləri gedir. Biz hələ ki, yeni istedadlar, yeni oyunumuzu axtarırıq. Sergey Kleşenko milli üçün doğru yoldadır. Azərbaycan millisinə böyük hörmətlə yanaşıram. Çünki orada 6 ilə yaxın oynamışam. Futbolunuzu yaxşı bələdəm. Azarkeşlərin Azərbaycan millisinin nəticələrindən çox da razı qalmadığını bilirəm. Bilirəm ki, onlar millidən daha çox şey gözləyir. 

- Sizcə nəyə görə belədir?
- Azərbaycan yaxşı, kombinasiyalı, maraqlı futbol oynayır. Ancaq millidə stabillik yoxdur. Məhz bu, Azərbaycan millisinin yeganə mənfi cəhətidir. İllərdir ki, Azərbaycan yığmasında eyni hal yaşanır. "Qarabağ" Azərbaycan futbolunun etalonudur. Onlar stabil oyun nümayiş etdirirlər. Azərbaycan millisi isə qeyri-stabildir. Amma Moldova yığması ilə müqayisədə göstəriciləri bir az yaxşıdır.

- Bu gün hansı komanda favoritdir?
- Oyun Bakıda da keçirilsəydi, şansların 50/50-ə olduğunu deyərdim. Birincisi, yoxlama görüşüdür. Hər iki komandada eksperimentlər olacaq. Fikrimcə, hər iki komandadanın heyətində yeni oyunçular meydana çıxacaq. Çünki rəsmi matç deyil. Gözəl futbol olacağını düşünürəm. Əslində, iki cür oyun ola bilər. Biri azarkeşlərin görmək istədiyi, digəri isə məşqçilərin eksperiment etməsi üçün. Mütləq oyunda olacam.

- Azərbaycanda əksər mütəxəssislər Moldovanın Azərbaycandan güclü olmadığını düşünür. Amma bir il əvvəl Kişinyovdakı görüşdə Azərbaycan məğlub olub. Səncə, bu, təkrarlana bilər?
- Azərbaycan millisinin potensialı daha yüksəkdir. Çünki maddi durum da yaxşıdır. Sadəcə Azərbaycan millisində stabillik yoxdur. Bu, ən böyük çatışmazlıqdır.

- Bunun əsas səbəbi nədir?
- Yaxşı futbolçular hər zaman yaxşı məşqçi olmur. Futbolçular var ki, klubunda yaxşı oynayır, millidə isə fərqli oyun göstərirlər. Bunlar hamısı qarışıq məsələlərdir. Məsələ haqda tam nəsə deyə bilmərəm. Moldova – Azərbaycan görüşündə şanslar eynidir. Əgər Azərbaycan stabil oynasaydı, deyərdim ki, favorit onlardır.

- "Qarabağ" illərdir ki, avrokuboklarda uğurlu çıxış edir. Bunun milliyə də təsiri var...
- "Qarabağ" haqda çox söz danışmaq olar. Avrokuboklarda uğurlu çıxış edirlər. Layiqli də futbol oynayırlar. Onlar avrokuboklarda 1-ci, 2-ci mərhələdən sonra iştiraklarını dayandırmırlar, daim yüksəlişdədirlər, əla da oynayırlar. Çempionlar Liqasının qrup mərhələsinə düşmək uğrunda mübarizə aparırlar. Bu isə çox şeydən xəbər verir.

- Azərbaycanda legioner həyatı yaşayanda, onlara qarşı dəfələrlə oynamısan. Onların yüksəlişə keçməsini nə ilə əlaqələndirirsən?
- Qurban Qurbanov uzun illərdir ki, “Qarabağ”ın baş məşqçisidir. Hər şeyi çox gözəl bilir. Bu komandanı Qurban Qurbanov qurub. Meydandandakı oyunlarından görünür ki, "Qarabağ"da əla intizam var. Komandaya da oyun stilinə uyğun futbolçular gətirib. “Qarabağ”da hər şey var – əsl baş məşqçi, futbolçular, maddi dayanıqlıq. Özünüz də bilirsiz ki, bugünkü gündə maddi stabillik çox önəmlidir.

- Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində Belçika, İsveç, Avstriya və Estoniya ilə eyni qrupdadır. Sizcə, millimizin qrupdan çıxmaq şansları var?
- Belçika favoritdir. Proqnoz vermək olmur. Qazaxıstan millisini hamımız gördük. Onlar aşağı diviziona düşməmək üçün bizimlə pley-off oyunu oynamışdı. Son anda aşağı diviziona düşmədilər. Bu il isə qrupdan lider kimi çıxdılar. Ona görə də düşünürəm ki, Azərbaycan Avstriya, İsveçlə birlikdə qrupda ikincilik üçün mübarizə aparacaq.

Mirbağırağa

Xəbər xətti