21 yaşlılardan ibarət yığma komandamızın Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı başlayıb. Yığmamızın burada Macarıstan və İsveç yığmaları ilə yoxlama görüşü keçirəcək. Komandamızın üzvü Camal Cəfərov Sportal.az saytına müsahibə verib. O, yığmanın hazırlığı haqda danışarkən, Macarıstan və İsveçə qarşı keçiriləcək matçdan gözləntiləri barədə də fikirlərini bildirib.
- Toplanış necə gedir? Komandadakı atmosferdən razısız?
- Toplanış normal davam edir. Məşqlərimiz keyfiyyətli meydançalarda keçirilir. Komandadakılar artıq bir-birini yaxşı tanıyır, məşqçilər korpusunun tapşırıqlarını yerinə yetiririk. Kollektivdəki atmosfer isə əladır. Yoxlama oyunları öncəsi isə pozitivik, qələbə qazanmaq niyyətindəyik.
- Yığma öncə Macarıstanla qarşılaşacaq. Bu matçdan gözləntiniz nədir?
- Macarıstanla matçda kollektiv və gözəl futbol oynamaq istəyirik. Məşqçilər korpusunun tapşırıqlarını yerinə yetirməyə çalışacağıq. Bu, bizim üçün yaxşı təcrübə olacaq. Macarıstan yığması haqda məlumatımız azdır. Hər halda, Avropa komandasıdır, öz oyun stili var.
- Həmin oyundan sonra isveçli həmyaşıdlarınızla üz-üzə gələcəksiz. Rəqib seçimləri yaxşıdır?
- İsveç də yaxşı seçimdir. Onlarla oynamaq da maraqlıdır. Həmin komandanın üzvləri Avropanın müxtəlif klublarının üzvüdür.
- Demək olar ki, hazırda yeni tsikl üçün U-21 yığması formalaşdırılır. Hazırkı yığma ilə yeni tsikldə uğurlu nəticə göstərə bilər?
- Bəli, komandamız nisbətən gəncdir. Bu il Türkiyədə keçirilən sonuncu Avropa Oyunlarında çıxış etdiyimiz üçün artıq təcrübəyə sahibik. Orada bizim üçün hər şey yaxşı alınmadı. Amma məşqçilər korpusunun rəhbərliyi altında yaxşı nəticə əldə etdik və 3-cü yeri tutduq. Düşünürəm ki, gələcəkdə daha da yaxşı oyun nümayiş etdirib, səhvlər üzərində işləyərək, yalnız qələbələr qazanacağıq. Komandada hamı pozitivdir.
- "Sabah"da son vaxtlar əsas komandada oynamırsan. Oyun praktikasının çatışmazlığı milliyə cəlb olunmağına maneçilik törədəcək?
- Yığmaya cəlb olunmaq qərarını təbii ki, baş məşqçi verir. Klubda məşq edərkən məşqçilər korpusunun bütün göstərişlərinə əməl edirəm. Düşünürəm ki, klubun əsas heyətində tez-tez oynamamağım millidəki çıxışıma təsir etməyəcək. Özümü yaxşı formada hiss edirəm. Ona görə də yığmadan dəvət gəlməyə davam edərsə, bunu doğrutlmağa çalışacam.
Mirbağırağa