Azərbaycan milli komandasının veteran kapitanı, vaxtı ilə yığmamızın aparıcı müdafiəçilərindən olmuş Rail Məlikov Sportal.az saytına müsahibə verib. O, millinin Moldova ilə yoxlama görüşündə qazandığı qələbəni şərh edib.
- Azərbaycan millisi yoxlama görüşündə Moldovaya qalib gəlməyi bacardı. Bu cür nəticə olacağını gözləyirdin?
- Qələbə münasibəti ilə millimizi, hamımızı təbrik edirəm. Əlbəttə ki, bu oyunda millimizdən qələbə gözləyirdim. Bu tip komandalar üzərində qalib gəlməyin vaxtı idi ki, özümüzə də güvənimiz artsın. Şadam ki, milli qalib gəlməyi bacardı.
- Nəticə bir yana, ümumiyyətlə, millimizin oyununu necə dəyərləndirirsən? Səncə, yığmamız yaxşı oynadı?
- Oyunun ilk dəqiqələrindən üstünlük bizim tərəfimizdə idi. Üstünlük də yaranandan sonra qalib gəlməliydik. Düzdü, oyundan qopduğumuz dəqiqələr də oldu. Amma ümumilikdə millimiz pis təsir bağışlamadı. Diqtə edən tərəf idik, hücumlar etdik, qollar vurub qalib gəldik. Deyə bilmərəm ki, lap super idi. Hər halda, millimiz bundan da yaxşı ola bilər. Amma bəyəndim.
- Moldova ilə bir neçə dəfə üz-üzə gəlsək də, onları ilk dəfə səfərdə məğlub etmiş olduq...
- Sevindiricidir ki, ilk dəfə səfərdə Moldovanı udduq. Belə komandaları nə qədər məğlub etsək, komandanın özgüvəni bir o qədər də artacaq. Ona görə Moldova kimi komandaları səfərdə, evdə udmalıyıq. Həmin qələbələrdən sonra millimiz özünü daha yaxşı hiss edə bilər.
- Millinin yeni rekordu ardıcıl 4 oyunluq qələbədir. Sizin vaxtınızda belə olmamışdı. Səncə, sizin vaxtkı milli və indiki millini fərqləndirən məqamlar hansılardı?
- Sualın cavabı elə sualdadır. Bizim vaxtda 4 oyuna 4 qələbə olmamışdı. Yəni, o vaxtla indikini fərqləndirən əsas məqam da budur. Bu barədə nəsə deməyə ehtiyac yoxdur.
- Özün də müdafiəçi olmusan deyə, istəyirdim millinin bu oyundakı müdafiə xətti barədə fikirlərini söyləyərdin. Üstəlik, Bəxtiyar Həsənalızadə ilk dəfə debüt etdi, 90 dəqiqə meydanda oldu. Onun barəsində hansı fikirdəsən?
- Müdafə xətti pis təsir bağışlamadı. Halbuki ilk dəfəydi birlikdə oynayırdılar. Belə oyunçuları da yoxlamaq lazımdır. Bütün futbolçular inamlı olmalıdırlar. Bəlkə də, kimsə baş məşqçinin yeni müdafiəçiləri meydana buraxmasına görə fərqli düşünə bilər. Amma mən məşqçinin seçimini dəstəkləyirəm. Çünki meydana ehtiyatdan çıxacaq futbolçu da özünü etibarlı hiss etməlidir. Bəxtiyar Həsənalızadə də ilk dəfə start heyətində oynamasına baxmayaraq, yaxşı təsir bağışaladı.
- Səncə, milli Moldovadan da daha güclü olan Şimali Makedoniyanı səfərdə məğlub edə bilər?
- Belə qələbələrdən sonra eyforiyaya qapılmamalıyıq. Təbii ki, millimiz Şimali Makedoniyaya da qalib gələ bilər. Məğlubiyyət də mümkündür. Yoldaşlıq görüşləridir. Əsas məqam komandanı komplektləşdirməkdir. Amma biz millidən hər zaman qələbə gözləyirik. Şimali Makedoniya və Moldovanı eyni tərəziyə qoymaq olmaz. Bu oyuna da yaxşı köklənməliyi ki, yaxşı nəticə qazanaq. Bu oyunların məqsədi zəif və güclü tərəflərimizi görməkdir. Hər halda, milli haqda ən pozitivini düşünməliyik. Qalib gəlsələr də, bizimdir, uduzsalar da. Hamımız bir vətəndaş kimi millimizin arxasında dayanmalıyıq.
Mirbağırağa