Moldova millisinin veteran kapitanı: "Azərbaycan millisi daha yaxşı oynadı və layiqli qələbə qazandı" - MÜSAHİBƏ

14:18 - 17 Noyabr 2022

Moldova millisinin veteran kapitanı, vaxtı ilə Azərbaycanda 5 ilə yaxın "Bakı" forması geyinmiş Aleksey Savinov Sportal.az saytına müsahibə verib. 43 yaşlı məşqçi dünən Moldova və Azərbaycan milliləri arasında keçirilən yoxlama görüşü haqda danışıb.

- Moldova - Azərbaycan matçı haqda fikrin necədi? 
- Obyektiv olmalı və qəbul etməliyik ki, dünən Azərbaycan millisi daha yaxşı oynadı və layiqli qələbə qazandı. Şəxsən mən millimizdən fərqli oyun gözləyirdim. Matçı iki hissəyə bölmək olar. İlk yarıda Azərbaycan millisi topa sahib idi, daha sürətli oynayırdı, kreativ görünürdü. Fasilədən sonra isə hər şey eyni səviyyədə getdi. Hətta ikinci hissədə Moldovanın daha üstün oynadığını demək mümkündür. Birinci hissədə Moldova millisindən bu qədər passi oyun gözləmirdim. 

- Səncə, Moldova millisi niyə uduzdu?
- Nəyə görə uduzduğumuzu millinin baş məşqçisi götür-qoy edəcək. Dünənki oyun üçün düşünülmüş taktiki planı nəzərdən keçirmək lazımdır. Bircə onu deyə bilərəm ki, fərdi ustalığı yüksək olan futbolçulara sahib Azərbaycan kimi millilərə qarşı sıx və aqressiv oynamaq lazımdır. Amma Azərbaycan millisinin üzvləri üçün birinci hissədə geniş imkanlara sahib idi. 

- Azərbaycan millisinin oyununu bəyəndin?
-
Azərbaycan millisinin oyunu yaxşı mənada məni təəccübləndirdi. Sürətli, texnikalı, kombinasiyalı futbol oynadılar. Çox top itkisinə yol vermədilər. Azərbaycan millisi müdafiədə intizamlı və səliqəli idi. Bu komanda böyük potensiala sahibdir.

Azərbaycan millisindən hansı futbolçunu xüsusi dəyərləndirərdin?
- Təbii ki, milli komandanın lideri birmənalı Emin Mahmudovdur. O, çox ağıllı və kreativ futbolçudur. Millinin oyunundakı tempi o yüksəldir. Yarımmüdafiənin mərkəzində yer alan Riçard Almeyda və Aleksey İsayev də çox yaxşı görünürdü. Müdafiədə isə Anton Krivotsyukun çıxışını xüsusi dəyərləndirmək istəyirdim.

- Moldovada məğlubiyyət necə qarşılandı? Tənqidlər olacaq?
-
İstənilən məğlubiyyətdən sonra tənqid olur. Öz səviyyəndə olan rəqibə uduzursansa, bunun baş verməsi mümkündür. Əsas olan düzgün götür-qoy edib, yolumuza irəliləməyimizdir. 

- Bir il əvvəl, Moldova millisinə Roberto Bordin rəhbərlik edəndə Azərbaycanı 1:0 məğlub edə bilmişdiniz. Geridə qalan bir ildə millilərdə dəyişən nə olub?
- Bəli, bir il əvvəl yığmamız qalib gəlmişdi. Demək ki, həmin vaxtı Moldova güclü idi. Deyə bilmərəm ki, Robert Bordinin vaxtında yığmamız indikindən daha yaxşı oynayırdı. Dəyişikliklərin nəticələri fərqli olur. İstənilən məşqçiyə istədiyi oyunu oynatması üçün zaman lazımdır. Moldova yığmasına da uğurlar arzulayıram.

Mirbağırağa
 

Xəbər xətti