"Qələbələr bizi aldatmamalıdır, çünki Moldova Avropanın ən yaxşı komandalarından biri də deyil" - MÜSAHİBƏ

18:26 - 18 Noyabr 2022

Azərbaycanlı futbol mütəxəssisi Aslan Kərimov Sportal.az saytına müsahibə verib. O, milli komandamızın Moldova üzərində qazanılan qələbəsini şərh edib. Bununla yanaşı millimizin noyabrın 20-də Şimali Makedoniyaya qarşı keçirəcəyi oyundan gözləntilərini açıqlayıb. 

- Azərbaycan millisi Moldovaya qalib gəlməyi bacardı. Sizcə, milli istədiyi futbolu nümayiş etdirə bildi?
- Məncə, tam olaraq istədiyimiz oyunu sərgiləyə bilmədik. Texniki tərəfdən baxası olsaq, yarımmüdafiə və hücum mövqeyində çoxalmağı bacarırıq. Əvvəllər bununla bağlı problemlər yaşayırdıq. Digər tərəfdən isə başa düşmək lazımdır ki, oynadığımız rəqiblər top komandalar deyil. Moldova millisi güc və ustalıq səviyyəsində bizdən də geri qalır. Bu, bizi daha öndə oynamağa, daha kombinasiyalı oyun nümayiş etdirməyə vadar edirdi. Futbolçularımız tam olmasa da, öhdəsindən gələ bildilər. Zəif nöqtələrimizi görməyimiz üçün daha güclü rəqiblərlə qarşılaşmalıyıq.

- Sizcə, Canni De Byazi millinin əsas, stabil heyətini özü üçün aydınlaşdıra bilib?
- Ola bilər ki, hansısa "onbirliy"i özü üçün müəyyən edib. Təbii ki, bəzi adlar dəyişə bilər. Xüsusən də, hücumda rotasiyalar etməsi mümkündür. Moldovaya qarşı Musa Qurbanlı əsas heyətdə meydana çıxmışdısa, nə vaxtsa Renat Dadaşovu və ya Ramil Şeydayevi də hücum xəttində görə bilərik. Cinah müdafiəçiləri arasında da dəyişikliyin baş tutması realdır.

- Moldova üzərindəki qələbədən sonra seriya 4-ə yüksəldi. Sizcə, bu qələbələr millinin əsl gücünü göstərir?
- Bu, bizə pozitivlik verə bilər. Futbolçuların motivasiyasının yüksəlməsinə köməklik göstərir. Hər oyunda qələbə qazanmaq yaxşıdır. İstənilən rəqibə qalib gəlmək üçün meydana çıxmalıyıq. Ardıcıl dörd oyundur qalib gəlirik. Lakin bu, potensial gücümüzü göstərmir. Ən azından mən belə görürəm. Nəyə qadir olduğumuzu aşağı-yuxarı bilirik. Daha çox səhvimizi görməkdən ötrü, bizi çətin vəziyyətə salacaq rəqiblərlə oynamaq lazım idi. Yəni, bu nəticələr tam olaraq gücümüzün göstəricisi deyil. Moldova ilə görüşün ilk yarısında daha yaxşı hücumlar qura bilirdik. Rəqib ikinci yarıda pressinq edən kimi kombinasiyalı oyunumuz səngidi, zəiflədi. Sonda da qol buraxdıq və standart vəziyyətlər zamanı çatışmazlığımızın olduğu göründü. Futbol mütəxəssisi əsl gücümüzü görə bilər, qələbələr bizi aldatmamalıdır. Çünki Moldova Avropanın ən yaxşı komandalarından biri də deyil. Biz də həmçinin. Yəni biz bu rəqibi udmuşuq, onlar "top" komanda adlandırmaq olmaz. 

- Şimali Makedoniya ilə matç necə, millinin nəyə qadir olduğunu görmək üçün yaxşı sınaqdır? Həmin oyunda millidən hansı nəticəni gözləyirsiz?
- Şimali Makedoniya millisi ilə əvvəllər qarşılaşmışıq. Son illərdə isə onların Millətlər Liqasındakı çıxışını gördük. Kifayət qədər güclüdürlər. Lakin Avropanın "top" millisi deyil. Ancaq onlarla oyun zəif nöqtələrimizi görməyimizə imkan yaradacaq. Şimali Makedoniyaya uduzmaya bilərik. İnanıram ki, oyun üslubumuzu saxlayası olsaq, onlara da çətin anlar yaşada bilərik. Hücum potensialımız var. Müdafiədə nə qədər səhvsiz oynayacağıq, bunu bilmək çətindi. Moldova ilə görüşdə belə, müdafiədə boşluqlar verirdik. Mən yalnız 4 müdafiəçidən danışmıram, ümumilikdə kollektivin müdafiə olunmasını nəzərdə tuturam. Top rəqibdə olarkən bizdə boşluqlar yaranır. Hücum xəttimiz bəzən öndə pressinq edir və yarımmüdafiə xətti ilə arasında boşluq olur. Moldova ilk yarıda bu boşluqdan istifadə edə bilmədi. Amma Şimali Makedoniya bu boşluğu tapsa, istifadə edəcək. Onlarla oyun bizim üçün yaxşı sınaqdı. Heç-heçə edə bilərik. Bir qol vursaq, uduzmayacağıq.

- AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika, İsveç, Avstriya kimi güclü rəqiblərlə oynayacağıq. Amma milli Moldova və Şimali Makedoniya kimi yığmalarla yoxlama görüşü keçirir. Sizcə, lap əvvəldə adını sadaladığım komandalar səviyyəsində rəqiblərlə qüvvəmizi sınamağımız daha məqsədəuyğun olmazdı?
- Düzdü, çətin rəqiblərimiz var. Təxmin edirəm ki, Moldova və Şimali Makedoniya ilə oyunlar, Estoniya ilə matç üçün hesablanıb. İsveç, Belçika, Avstriya milliləri səviyyəsində yığma tapmaq çox çətin olur. Yəqin ki, bəzi federasiyalara müraciət ediblər. Bəzən həmin millilər yoldaşlıq oyunlarını bir il əvvəlcədən danışır, ya da bizimlə oynamaqdan imtina edirlər. İsveçlə oynayacağımızı nəzərə alsaq, ən azından Skandinaviyadan bir rəqiblə yoxlama matçı keçirmək mümkün idi. İsveç, Belçika, Avstriya yığmaları nə Moldovadır, nə də Şimali Makedoniya. 

Mirbağırağa

Xəbər xətti