"Bəzi klublar elə yerdə məşq edirlər, adam qorxur ki, uşaq yıxılsa, bir də ayağa qalxa bilməyəcək, çünki meydançalar betondur" - MÜSAHİBƏ

11:30 - 20 Noyabr 2022

Azərbaycan milli komandasının veteran müdafiəçisi Saşa Yunisoğlu Sportal.az saytına müsahibə verib.

- Azərbaycan millisi dörd oyundur ki, qalib gəlir. Millinin bu qələbə seriyası haqda ümumi fikrin necədi?
- Millimizin 4 oyundur qalib gəlməsi sevindirici haldır. Nümayiş etdirdiyi oyun da yaxşıdır. Uşaqlar çox həvəsli görünür. Qələbələr futbolçulara motivasiya verib. Qalibiyyətin dadını hiss ediblər. Təki, davamı gəlsin. Azarkeşlər də nəticələrə görə sevinir. Bunlar hamısı əla hisslərdir.

- Moldova millisi yığmamız üçün zəif rəqib deyildi?
- Rəqiblərimizi zəif adlandırmazdım. Onlar bizim millinin səviyyəsindədir. Eyni səviyyəli komandaların qarşılaşması da, dünya praktikasında normaldır. Çünki seçmə mərhələdə elə Moldova kimi komandalar bizim əsas rəqiblərimizdir. Düşünürəm ki, yoldaşlıq oyunu üçün yaxşı rəqib idi.

- Bu gün yığmamız Şimali Makedoniya ilə qarşılaşacaq. Səncə, millimizin nəyə qadir olduğunu məhz bu görüşdə görəcəyik?
- Millimizin yeni səviyyəyə qalxıb-qalxmadığını Şimali Makedoniya ilə oyunda görəcəyik. Çünki onlar Moldovadan daha güclü və daha ciddi rəqibdir. Düşünürəm ki, 4 qələbənin ardından Şimali Makedoniya seçimi əladır. Unutmayaq ki, Şimali Makedoniya son Avropa çempionatının iştirakçısıdır. İtaliya millisinin də dünya çempionatına yollanmasına mane oldular. Bəli, millimizin nəyə qadir olduğunu Şimali Makedoniya qarşı matçda görəcəyik.

- Şimali Makedoniyaya qarşı indiyə qədər qələbəmiz olmayıb. Sən də millimizin üzvü olmusan. Əvvəlki illərdə nəyə görə bu yığmaya qalib gələ bilməmişik?
Bu suala cavab vermək çətindir. Əvvəllər daha çox istək və əzmkarlıq sayəsində oynayırdıq. O da istədiyimiz nəticəni qazanmağa bəs etmirdi. Ondan sonra həmin istək və əzmkarlıq da itib millidə. Axırıncı 4 oyun istisna olmaqla, millimiz son illərdə bərbad çıxış edirdi. Dörd qələbədən sonra isə millimizdə yenidən istək görünür. Ümidvaram ki, bu, müvəqqəti deyil. Millimizdən hər zaman yaxşı nəticələr gözləyirik.
 
- Milli komanda üçün ən yaxşı onbirlik hansıdır? 
- İndi oynayan “onbirlik” elə ən yaxşısıdır. Amma ümumi götürsək, millidə Qara Qarayev və Maksim Medvedevin olmaması məni təəccübləndirir. Millidə həmişə ən yaxşılar yer almaldır.

- Səncə, De Byazi millini inkişaf etdirib, yoxsa "Qarabağ"ın avrokuboklardakı uğurlu çıxışı, "Sabah"ın çempionluq uğrunda mübarizə aparmasıdır ki, millinin nəticəsinə təsir edir?
Düşünürəm ki, məhz “Qarabağ”ın Avropada uğurlu çıxışı, “Sabah”ın çempionluq üçün oynaması millinin həm futbolçularına, həm də göstərdiyi oyunlarına böyük təsiri var. Məncə, normal haldır. Önəmli olan odur ki, millinin baş məşqçisi həmin faktordan lazımı qədər istifadə edir. Buna görə onu alqışlayıram. Təbii ki, millimizdə məşqçi işi də açıq-aşkar görünür. Millimiz buna görə uğurlu çıxış edir.
 
- Bu gün dünya çempionatı start götürür. Səncə, nə vaxtsa millimiz bu cür turnirlərdə iştirak edə biləcək, yoxsa hələ uzun illər orada yer almağımız mümkün olmayacaq?
- Futbol adamı, azarkeş kimi bunu çox istəyirəm. Allah qoysa, bunu görərik. Amma real danışsam, yaxın gələcəkdə dünya çempionatında oynayacağımıza inanmıram. Uşaq futbolunda inkişaf olmasa, yerimizdə sayacağıq. Mən hazırda uşaq futbolunda işləyirəm və çox şeyi görürəm. Meydançalardan tutmuş, çox məsələ var ki, bərbad vəziyyətdədir. Azərbaycanda “Sabah”, “Neftçi”, “Qəbələ”, “Sumqayıt” və “Səbail”dən başqa heç bir klub uşaqlara lazımı qədər diqqət ayırmır. Hamı elə bilir ki, uşaqları forma ilə təmin etdik və iş bitdi. Bilirsiz, akademiyalar hansı şəraitdə məşq edirlər? Bəzi klubların U-9-dan tutmuş Premyer Liqa komandasına qədər hamısı eyni anda, eyni meydanda məşq edir. U-16 və U-19 komandaları meydanı yarıya bölərək, eyni vaxtda məşq edirlər. Bu, necə ola bilər? Bəzi klublar məşq üçün 1 saat 15 dəqiqə, ya da, ondan da az vaxt ayırırlar. Meydançanı yarı bölərək, gündə 1 saat məşq etməklə 15-19 yaşlı uşaq necə artıra bilər? Hansı inkişafdan danışaq? Mən hələ qidalanmaqdan, bərpa prosseslərindən, vitamin qəbulundan danışmıram. Halbuki hazırda müasir futbolda bunlar çox vacib məsələlərdir. Bəzi klublar elə yerdə məşq edirlər, adam qorxur ki, uşaq yıxılsa, bir də ayağa qalxa bilməyəcək. Çünki meydançalar betondur. 15-19 yaşındakı uşaqlar bu cür meydançada elə zədələr alır ki, insan dəhşətə gəlir. Bunun da nəticəsidir ki, aşağı yaş qruplarındakı yığmalarımız Avropada fiaskoya uğrayırlar. Onu da nəzərə alaq ki, məhz həmin uşaqlar milliyə əsas namizəd hesab olunurlar. AFFA bu istiqamətdə nə qədər çox diqqət ayırsa da, bu, kifayət etmir. Klublar özləri də şəraitlərini yaxşılaşdırmalıdır. Biz dünya çempionatında çıxış etmək istəyirik? Gülməlidir. Belə getsə, heç vaxt orada iştirak edə bilməyəcəyik.


Mirbağırağa

Xəbər xətti