Uzun illər Azərbaycanda legioner həyatı yaşamış Şimali Makedoniya millisində oynamış Slavko Georgiyevski Sportal.az saytına müsahibə verib. Hazırda məşqçi kimi fəaliyyət göstərən Slavko Şimali Makedoniya - Azərbaycan (1:3) matçını şərh edib.
- Şimali Makedoniya evdə Azərbaycana uduzdu. Görüşlə bağlı fikrin necədir?
- Mən stadiondaydım və oyuna baxdım. Oyuna qızlarım İva, Eva, İna ilə birlikdə gəlmişdim. Onlar da Azərbaycanın oyununa baxmağı çox istəyirdi. Çünki İva və Eva mənimlə birlikdə Bakıda yaşayıb. Digər qızım Bakıda dünyaya gəlməsə də, o da oyuna baxmaq niyyətindəydi. Maraqlı oyun gördük, birlikdə sona qədər oyunu izlədik.
- Səncə, nəyə görə Şimali Makedoniya evdə Azərbaycana uduzdu?
- Çünki Şimali Makedoniya ümumiyyətlə son matçlarda yaxşı oyun nümayiş etdirə bilmir. Son 3-4 görüşdə komandanın istədiyini göstərə bilməməsi görünürdü.
- Azərbaycana məğlubiyyətdən sonra Blaqoya Milevskinin istefaya göndərilməsi gündəmə gələ bilər?
- Milevskinin istefaya göndərilməsi barədə bir söz deyə bilmərəm. Amma mən üç il öncə demişdim ki, bəli, biz Avropa çempionatına vəsiqə qazandıq. Amma U-19, U-21 yığmaları barədə unutduq. Ona görə indi bizim gələcəyimi zəifdir.
- Azərbaycan millisi haqda fikrin necədir?
- Bu cür Azərbaycan millisini gözləyirdim. Çünki millinizin bütün oyununa baxıram. Bu mənada, Azərbaycanın belə oyun göstərməsi gözlənilməz deyildi. Canni De Byaziyə vaxt lazım idi ki, futbolçular onun nə istədiyini anlaya bilsin. Arif Əsədovun da burada əməyini qeyd etmək lazımdır, futbolçulara çxo şeyi aşılaya bildi.
- Sən "Neftçi", "İnter"də (İndiki "Şamaxı") oynadığın vaxtdakı Azərbaycan millisi arasında indiki arasında çox fərq var?
- Bəli, dəyişiklik var. Mən orada legioner idim, amma mən özümü Azərbaycanda legioner hesab etmirdim(gülür). Azərbaycan millisində mentalitet dəyişib, əvvəl futbol oynamağa sanki çəkinirdilər, indi isə fərqli mənzərə var. Gənclər də futbol oynamaqdan qorxmur, yaxşı oyun nümayiş etdirirlər. Eyni anda 4-5 futbolçu hücuma çıxır və 2-3 qol vura bilirlər. Müdafiədə isə mümkün qədər etibarlı oynamağa çalışırlar.
- Azərbaycan millisi ardıcıl 5 turda qalib gəlməyi bacarıb. Səncə, AÇ-2024-ün seçmə mərhələsində Belçika, Avstriya, İsveç və Estoniya ilə görüşlərdə uğurlu nəticələrin davamı gələ bilər?
- Azərbaycan çətin qrupda yer alıb. Belçika çox güclüdür. Bakıdakı Azərbaycan - Belçika matçını xatırlayıram. O vaxtı ilk dəfə canlı olaraq Eden Hazard, Dris Mertensi, Aksel Vitsel, Romelu Lukakunu görürdüm. Həmin vaxtı onlar millidə yen-yeni aparıcı futbolçu olmağa başlayırdı. İndi isə hamısı böyük ulduzlardı. Avstriya da çətin rəqibdir, güclü futbol oynayır. İsveç isə intizamlı komandadır, fərdi ustalığı olan futbolçulara sahibdir. Kuluşevski "Tottenhem"də super futbol nümayiş etdirir. Estoniya özü də yaxşı komandadır. Məncə, Azərbaycanda qrupda 3-4-cü yerlərdə olacaq. Çünki səviyyəni daha da yüksəltmək üçün zamana ehtiyac var.
- Deyəsən, oyundan əvvəl Azərbaycan millisinin məşqinə yollanaraq Arif Əsədovla görüşdünüz. Yəqin ki, "Neftçi"dəki vaxtlarınızı xatırladınız?
- Arif Əsədov və İlqar Qurbanovla görüşdüm. Birlikdə çay içdik, danışdıq. Meydanda Arif Əsədovu görəndə çox gözəl hisslər keçirdim. Onu gördüyümə görə çox şad idim. Emin Mahmudov, Azər Salahlı, Səlahət Ağayevlə də görüşdüm, Kamran Ağayevlə salamlaşdım. Həqiqətən də Azərbaycan millisini Skopyedə gördüyümə görə şad idim.
Mirbağırağa