"Şimali Makedoniyaya qarşı oyun mənim üçün yaddaqalan olacaq" - MÜSAHİBƏ

15:44 - 21 Noyabr 2022

Azərbaycan milli komandasının hücumçusu, Şimali Makedoniya ilə yoxlama matçında komandamızın üç qolundan birinin müəllifi olan Musa Qurbanlı Sportal.az saytına müsahibə verib.

- Azərbaycan millisi Şimali Makedoniya ilə görüşdə qalib gəlməyi bacardı. Matç sizin üçün necə alındı? 
- Matç bizim üçün yaxşı alındı. Çünki qalib gəldik. Qalib gəlməklə yanaşı, oyunumuz da yaxşı alındı. Qələbəni isə ilk növbədə istəyimiz sayəsində qazandıq. Komanda və fərdi olaraq qələbə istəyi yüksək idi. Hamı meydanda var gücünü qoydu. Ardıcıl qələbələr bizə əlavə motivasiya vermişdi, seriyanı davam etdirmək istəyirdik. Şükür Allaha bu, bizdə alındı. Qələbələr bizə inam vermişdi. Meydanda bacarığımızı ortaya qoyara qalib gəldik.

- İlk qolu buraxsanız da, geridönüş etməyi bacardınız. Fasilədə məşqçilər korpusunun fərqli tapşırıqları var idi ki, hesabı ikinci yarıda xeyrinizə dəyişə bildiniz?
- Fasiləyə qədər də oyunumuz yaxşı alınırdı. Sadəcə şanssızlıq oldu, qapımıza penalti təyin edildi və qol buraxdıq. Futbolda belə anlar olur. Buna baxmayaraq, biz ruhdan düşmədik. Fasilədə də məşqçi öz tapşırığını verdi. Biz ən azından fasiləyə qədər olan oyunumuzu saxlayıb, bir az artırmağa çalışdıq. Bu da alındı. Tempi artırdıq, rəqib də azlıqda qaldı, qol vurduq. Düzdü, sonradan meydanda eyni sayda qaldıq. Həmin vaxtı da qol vurmağı bacardıq. Bizim üçün yaxşı oyun oldu.

- Millidəki qol hesabını aça bildin. Yəqin ki, sənin üçün də unudulmaz matç kimi yadda qalacaq. Yeri gəlmişkən, milli ilk dəfə Şimali Makedoniyanı məğlub etmiş oldu...
- Əlbəttə ki, Şimali Makedoniyaya qarşı oyun mənim üçün yaddaqalan olacaq. Şimali Makedoniyaya ilk dəfə qalib gəldik, həm də ardıcıl beşinci qələbəmiz oldu. Bu da milli komanda tarixində bir ilk idi. Mən də millidə ilk qolumu vurdum. Yəni, çox məqamlar var. Bu oyun uzun müddət xatirimdən çıxmayacaq. İndi isə irəliyə baxmaq lazımdır. Öz üzərimdə işləyərək, həm kluba, həm də milliyə xeyir verməyə çalışacam. 

- Moldova və Şimali Makedoniya ilə matçlarda əsas heyətdə meydana çıxmışdın. Artıq səni millinin əsas forvardı hesab etmək olar?
- Doğrudur, bu iki oyunda əsas heyətdə meydana çıxmaq mənim üçün çox faydalı oldu. Milli komandada təcrübə qazanmaq baxımından da önəmlidir. Burada özünəinam məsələsi də var. Amma gələcəyin işini indidən bilmək olmaz. Millinin növbəti oyunları martdadır. Ona qədər vaxt var. Dayanmaq olmaz. Daha da artırmalıyıq, inkişaf etməliyik. İndi klubumuzdayıq, var gücümüzlə çalışmalıyıq. İlk növbədə klubumuza töhvə verək, həm də klubda seçilməliyik ki, milliyə dəvət alanda köməklik göstərə bilək. Əsas heyət oyunçusu məsələsinə gəldikdə, milli elədir ki, kimi çağırsalar, hamı meydanda "can" qoyacaq. Çünki orada ölkəmiz, bayrağımız üçün döyüşürük, oynayırıq. Ki, dəvət alacağımız təqdirdə kömək edək.


- Azərbaycan millisi ardıcıl 5 oyundur ki, qalib gəlir. Vacib olmayan matçlarda qalib gəldiyimizi düşünənlər, zəif rəqibləri məğlub etdiyimiz fikrində olanlar da az deyil. Bu barədə sən necə düşünürsən? 
- Şəxsi fikrimi soruşursuzsa, kimlərəsə görə vacib olmayan oyun ola bilər. Amma mənə görə vacib olmayan oyun yoxdur.  Meydana çıxırıqsa, demək ki, matç vacibdir, qalib gəlməliyik. Özü də millidə vacib olmayan oyun yoxdur. Mənim üçün bütün oyunlar çox vacibdir. Çünki milli komandanın heyətində oynayırsansa, orada bayrağımız dalğalanır və hamı bayraq üçün oynayır. Həmin oyunun isə vacib olmaması mümkün deyil. Rəqiblərimizin zəif olması fikri ilə də, razı deyiləm. Belarus, Slovakiya, Qazaxıstan, Moldova və Şimali Makedoniya yetərincə güclü komandalardır. Qazaxıstan qrup lideri oldu. Şimali Makedoniya Avropa çempionatında mübarizə apardı, az qala dünya çempionatına vəsiqə qazanacaqdı. Sadəcə Portuqaliyaya uduzdular. Nəticələrin aldadıcı olacağına inanmıram. Heç nə təsadüfi baş vermir. Əziyyət çəkdik, Allah da bizə yetirdi. Öz üzərimizdə işləməyə davam edəcəyik. Ki, qarşıdakı matçlarda da əziyyət çəkib, yaxşı oyun göstərərək qələbələr qazanaq. 

- Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsində Belçika, İsveç, Avstriya, Estoniya yığmaları ilə mübarizə aparacaq. Ardıcıl 5 qələbənin davamını qrupda da gətirmək mümkündür? 
- Mümkün olmayan bir şey yoxdur. Futbolda elədir ki, hər nəticə baş verir. Sadəcə çox istəkli olmaq lazımdır. Meydanda var gücümüzü qoymalı, bacarığımızı nümayiş etdirməliyik. Əlimizdən gələni edəcəyik. Onsuzda, rəqibin kimliyindən fərqli olmayaraq, hər oyuna qələbə üçün çıxırıq. Düzdür, qrupdakı komandalar çox güclü və keyfiyyətlidir. Amma çalışacağıq ki, rəqiblərimizin güclü olması oyunumuza təsir etməsin. İstəyimiz, döyüşkənliyimiz hesabına uğurlu nəticə üçün çalışacağıq. Komanda olaraq oyun bacarğımız da var. Hər oyunda maksimum nəticə verməyə can atacağıq. Ölkəmizi, xalqımızı sevindirməyi çox istəyirik. 

- Azərbaycan millisində son vaxtlarda "Qarabağ"ın oyun modelinə üstünlük verilir. Komanda daha çox topa sahib olmağa çalışır, çoxluqla hücuma çıxır, daim qol vurmağa çalışır. Bu mənada, "Qarabağ" futbolçularının millidə çoxluğunun uğurlu nəticələrdə böyük önəmi var?
- Mən burada tək "Qarabağ"ı deməzdim. Çünki millidə “Neftçi”, “Sabah” və bütün komandalardan oyunçular var. Onlar hamısı da eyni dərəcədə əziyyət çəkir, eyni dərəcədə istəklidirlər, vuruşurlar, "can" qoyurlar. Bunu hamımız birlikdə edirik. Desək ki, burada "Qarabağ"ın oyunçularının böyük rolu var, haqsızlıq olardı. Oyun sistemimizə gəldikdə, çalışırıq ki, yaxşı futbol oynayaq. Qələbə qazananda özünəinam artır, daha yaxşı oynamağa başlayırsan, hücum edirsən. Belə olanda oyun daha gözəl alınır. Futbolda elədlir ki, nə qədər hücum, qol olsa, o qədər gözəl görünür. Komandamızın bacarığı var. Bunu ortaya qoymağa çalışırıq. Millidə hansı klubun futbolçusu olmağının fərqi yoxdur, hamımız eyni bayraq üçün döyüşürük. Legionerlərimiz belə, əlindən gələni edir. 


Mirbağırağa

Xəbər xətti