I Divizionda mübarizə aparan "İmişli" klubunun baş məşqçisi Ruhid Usubovun Sportal.az saytına müsahibəsi:
- Komandan 10 tur ərzindəki performansını necə dəyərləndirirsən?
- Biz yeni qurulan komandayıq. Demək olar ki, hər şeyə sıfırdan başlamışıq. Amma son matçlarda həm fərdi şəkildə, həm də komanda şəklində oyunumuzda inkişaf görürük.
- Çempionata uğursuz başlamışdız. Ardıcıl məğlubiyyətlərin səbəbi nə idi?
- Bəzi problemlərə görə normal təlim-məşq toplanışı keçə bilmədik. Həm də uzun illər İmişlidə böyük futbol olmadığına görə oyunçuların performansını açmaq çətin idi. Bunun nəticəsində də futbolçuların oyun praktikası az idi. Amma zaman keçdikdə komanda toparlanmağa başladı.
- Son həftələrdə artıq qələbələr qazanmağa başlamısız. Bunun ardını gətirmək mümkün olacaq?
- Komandada əsas əzmkarlıq, döyüşkənlik ruhu yaratmaq lazımdır. Bunu da yarada bilmişik. Çalışacağıq ki, bundan sonra gözəl oyunumuz və qələbələrimizlə bizi sevənləri sevindirək.
- Mövsüm başlayanda qarşınıza qoyduğunuz məqsədlə hazırda qərarlaşdığınız yer uyğun gəlir?
- Bizim birinci məqsədimiz bölgəyə böyük futbolu gətirmək idi. Buna da nail olduq. Bizə bu şəraiti yaratdığına görə AFFA rəhbərliyinə təşəkkür edirəm. Oturuşmuş komandalara qarşı oynamaq bir az çətindir. Amma çempionatın əsas hissəsi hələ qarşıdadır. Çalışacağıq ki, sonuncu pillədən qurtulaq.
- 10 turdan sonra 6 xal toplamısız. Daha çox ola bilərdi? Daha çox xal toplamağınıza nə mane oldu?
- Oyunlarımıza baxsaq, 3 matçı sırf təcrübəsizlikdən əldən verdik. İndi ən azı 15 xalımız olmalı idi.
- Çempionatda bundan sonra hədəfiniz nə olacaq?
- Bizim hədəfimiz bölgədə futbolu inkişaf etdirməkdir. Digər məqsədimiz isə milli komandaya Bəhlul Mustafazadə, Sadiq Quliyev kimi futbolçular yetişdirməkdir. Məğlub olmaqdan xoşum gəlmir. Heyətimizin əksəriyyəti gənclərdir, onların oyun təcrübəsi çox azdır. Bu da oyunumuza çox təsir edir. Bizə inkişaf etmək üçün zaman lazımdır.
- Ev oyunlarınızı doğma şəhərdə keçirmirsiz. Bunun komandanın çıxışına təsiri nə dərəcədədir?
- Ev oyunlarımızı müvəqqəti olaraq Saatlıda keçiririk. İmişli stadionunun ot örtüyü ideal vəziyyətdə deyil. Hazırda təmirdədir və orada görüləcək işlər var. Saatlı da bizə doğma rayondur. Yerli sakinlər oyunlarımıza gəlib dəstək olurlar. Onlara təşəkkür edirəm.
- Ölkə kubokuna niyə qatılmadız?
- Bu, sırf heyətlə bağlı idi. Növbəti mövsümdə kubakda iştirak edəcəyik.
- Dünya çempionatında favoritiniz hansı komandadır?
- Biz hər zaman bir millət iki dövlət olan Türkiyəni orada görmək istəyirik. Amma bu dəfə alınmadı. Ona görə də mundialda Argentina yığmasını dəstəkləyəcəyəm.
Elçin Əlixan
saytlarin hazirlanmasi