Milli komandamızın çalışdırıcısı: "Çox istəyərdim ki, Premyer Liqa təmsilçilərimizin qadın liqasında komandaları olsun"

14:38 - 25 Noyabr 2022

Qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Sportal.az saytına açıqlama verib.

O, Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların nəznində qadın komandalarının yaradılmasının ölkəmizdə qadın futbolunun inkişafına təkan ola biləcəyini söyləyib:

“Ümid edirəm, yaxın zamanlarda Premyer Liqada mübarizə aparan klublarımızın qadın komandalarını görmək bizə qismət olar. İstəmirəm ki, onların U-13 liqasında mübarizə aparan qadın komandaları olsun. Bu il “Neftçi”, “Sumqayıt” qadın komandalarını yaratdı, “Qəbələ”də bir neçə ildir ki, var. Çox istəyərdim ki, Premyer Liqa təmsilçilərimizin qadın liqasında komandaları olsun. 

U-13 və U-17 liqaları üçün komandalar yaradılır. Amma biz bundan ciddi nəsə əldə edə bilmərik. Bizim üçün önəmli olan yüksək liqa komandalarının olmasıdır. Əgər, hazırda Premyer Liqada aparan klubların qadın komandaları yaradılarsa, legionerlər də gələcək, liqanın səviyyəsi istər-istəməz artacaq".

Milli komandanın çalışdırıcısı liqanın güclü olacağı təqdirdə, ölkə xaricində çıxış edən futbolçularımızın geri dönüb-dönməyəcəyinə də şərh verib:

"Xaricdə oynayan azərbaycanlı futbolçularımıza sərf edərsə, niyə də öz ölkəsində oynamasın? Amma xaricdə hər şey onu qane edirsə, inanmıram ki, bura qayıtsın. Qızlarımız Rusiya, Türkiyə, Qazaxıstanda oynayır. Onlar Avropanın daha güclü liqalarında, klublarında oynamağa can atırlar. Bu, çox sevindirici haldır. Fikrimcə, onlar Avropanın güclü liqa və klublarında oynayarsa, millimiz üçün də yaxşı olar. Bizim liqanın səviyyəsi yaxşı olarsa, aşağı yaş qruplarında yetişən qızlar həmin liqada oynaya bilərlər. Təki, bu, tez bir zamanda gerçəkləşsin".

Mirbağırağa

Xəbər xətti