"Qarabağ" kimi komandadan səfərdə bir xal qopartmaq asan deyil"

11:19 - 30 Noyabr 2022

"Bizim üçün çox vacib bir xal oldu. Özü də, "Qarabağ" kimi komandadan səfərdə bir xal qopartmaq asan deyil. Amma biz bunu edə bildik. Ona görə də, şadıq".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Zirə"nin müdafiəçisi Slavik Alxasov deyib.

O, Misli Premyer Liqasının 15-ci turunda "Qarabağ"la görüşdə  0:0 oynamaqlarını şərh edib. Alxasov ilk dövrədəki 1:7 hesablı məğlubiyyətə baxmayaraq, bu oyuna yüksək motivasiya ilə çıxdıqlarını bildirib:

"Doğrudur, ilk dövrədə "Qarabağ"dan ağır məğlubiyyət almışdıq. Ona görə də, bu oyuna yaxşı hazırlaşmışdıq. Şükürlər olsun ki, aktivimizə bir xal əlavə edə bildik. Matça yaxşı motivasiya ilə çıxmışdıq. Komandamızda motivasiya həmişə var.  Mehriban kollektivə malikik, məşqlərdə canla-başla işləyirik. Rəşad Sadıqovun verdiyi tapşırıqları yüksək səviyyədə yerinə yetirməyə çalışırıq ki, bunun da nəticəsini oyunlarda görürük".

"Zirə"nin aparıcı üzvünə çevrilmiş 29 yaşlı futbolçu ilin sonuna qədər 5 vacib oyunlarının olduğunu və həmin görüşlərdə qələbə qazanmaq istədiklərini söyləyib: "İlin sonuna qədər bizim üçün çox vacib 5 oyun qalıb. Həmin oyunlara köklənmişik. Hər birində maksimum nəticə qazanmaq istəyirik".


Mirbağırağa

Xəbər xətti