"Şkendiya" və "Şkupi" məni istəyir, qışdan sonra Türkiyədən də iki klub "Sumqayıt"a rəsmi təklif göndərəcək" - MÜSAHİBƏ

15:19 - 30 Noyabr 2022

"Sumqayıt"ın yarımmüdafiəçisi Vüsal İsgəndərli Sportal.az saytına müsahibə verib. 27 yaşlı futbolçu komandasının bu mövsümkü çıxışını dəyərləndirib. Bununla yanaşı, ölkə xaricindən ona təkliflər gəldiyini etiraf edib.

- "Sumqayıt" "Qəbələ" ilə üz-üzə gəldi və rəqibinə qalib gələ bilmədi. Matç haqda fikrin necədir?
- Komanda çox istəkli idi. Kənardan baxanda da açıq şəkildə görünürdü. Kollektivdə qələbə arzusu yüksək oldu. Sadəcə olaraq, özgüvən çatmadı ki, qələbə qazanaq.

- Bu görüşdə cəza səbəbindən meydana çıxmadın. Komandanın məşqçisi oyundan sonra mətbuat konfransında bildirdi ki, sən meydanda olsaydın, bəlkə də, hücumlar daha sürətli alınardı. Bu haqda fikrin necədir? 
Məşqçimizin mənə güvənməsi çox yaxşıdır. Bu, mənim üçün sevindirici haldır. Ancaq mənsiz də komanda çox super oynadı. Komanda təkcə məndən asılı deyil.

- Növbəti turda "Kəpəz"lə qarşılaşacaqsız. Ölkə kubokunda məhz onlara məğlub olaraq iştirakınızı dayandırmışdınız. Həmin komandanı səfərdə məğlub edə biləcəksiz? Kubokdakı uğursuzluğa görə, hər hansı, revanş hissi var? 
-
Biz hər oyuna üç xal üçün çıxırıq. Xarakter göstərəcəyimizdən hamı əmin ola bilər. Çünki qalib gəlməyi çox istəyirik.

- Qışda komandada dəyişikliklər olacağı gözlənilir. Bəzi oyunçular göndəriləcək. Səncə, komandada saxlanılacaqlar arasında olacaqsan? 
Bu sualı Samir Abasova verilsə, daha yaxşı olardı. Mən qarşıdakı üç oyuna özümü hazırlayıram. Əminəm ki, komandamız qışa qədər sonuncu pillədən çıxacaq.

- Komandanın uğursuzluqdan çıxa bilməməsi nə ilə əlaqədardır? Səncə, necə ola bilər ki, komanda 15 tur keçməsinə baxmayaraq hələ də, bir qələbə belə qazana bilməyib? 
- Bu sualı bəlkə də, özümüzə 100 dəfə vermişik. Bizə də çətin gəlir. Ancaq biz əlimizdən gələni edirik. Əmin olun ki, "Sumqayıt" çox yaxşı olacaq. 

- Adın xarici klublarla hallanır. "Şkendiya" və "Şkupi"nin maraq dairəsində olduğun yazılır. Bu komandalardan təklif almısan və qışda hansı qərarı verəcəksən? 
-
Bəli, hər iki klub mənimlə danışığa keçib, ciddi istəyirlər. Türkiyədən də iki klub qışdan sonra "Sumqayıt"a rəsmi təklif göndərəcək. Çünki müqaviləmdə sərbəstqalma maddəsi var. Ki, ölkə xaricinə rahat gedə bilim.

- Ötənilki komandan "Keçiörengücü" hazırda Türkiyə birinci liqasında dördüncü pillədədir, Superliqaya yüksəlmək üçün mübarizə aparır. Oradan ayrıldığına görə peşman deyiksən?
Verdiyim heç bir qərardan heç vaxt peşman olmamışam. İndi də, peşman deyiləm. Allah nəsib etdi, belə  oldu. Heç vaxt arxaya baxmıram. Qismət olsa, daha da yaxşı yerlərə qədər gedəcəm.

Mirbağırağa

Xəbər xətti