"Topu görmək çətin idi, Kaşuk da həmin vəziyyətdən istifadə etdi" - MÜSAHİBƏ

14:49 - 1 Dekabr 2022

"Turan Tovuz"un əsas qolkiperi Tərlan Əhmədli Sportal.az saytına müsahibə verib. 28 yaşlı qapıçı komandasının ölkə çempionatının 15-ci turunda "Sabah"a məğlubiyyətini şərh edib.

- "Sabah"a qarşı oyun sizin üçün necə alındı? Rəqibə nəyə görə uduzdunuz?
- Oyuna çox yaxşı hazırlaşmışdıq. "Sabah"ı da analiz etmişdik. Düşünürəm ki, pis futbol oynamadıq. Sadəcə bizdən fərqli olaraq rəqib qələbə topunu vura bildi. Halbuki, bizim qol epizodlarımız da var idi. İstifadə etsəydik, təbii ki, fərqli nəticə mümkün olardı.

- Aleksey Kaşuk sona 10 dəqiqə qalmış qələbə qolunu vura bildi. Onun vurduğu zərbə o qədər də güclü deyildi, amma qolla nəticələndi. Kaşukun topu başqa istiqamətə vuracağını düşünrdün deyəsən...
O elə epizoddur ki, müdafiəçilər qarşımda dayanmışdı. Ona görə topu görmək çətin idi. Kaşuk da həmin vəziyyətdən istifadə etdi. O, topu görə bilmədiyim tərəfə vurdu. Yəni, rahat götürüləsi top deyildi.

- "Turan Tovuz"un qeyri stabil çıxışını nə ilə əlaqələndirirsən? Çatışmazlıq nədir? 
Stabil çıxış deyəndə ki, biz yeni yaranan komandayıq. Oyundan-oyuna artırmaq, uğurlu nəticələr qazanmaq istəyirik. Zəif cəhətlərimizin üstündə daim çalışırıq. Zədəli oyunçularımız da çox olur. Məhz bu yöndə əziyyət çəkirik.

- Tovuza gələn komandaların baş məşqçilər stadionun ot örtüyünün pis durumda olduğunu bildirir. Amma siz oyuna çıxmaqla yanaşı, məşqlərinizi də orada edirsiniz. Yəqin ki, orada oynamaq təhlükəlidir?
Həqiqətən süni meydançada oynamaq çətindir. Oyundan sonra bərpa prosesi ağır gedir. Məşqdə ağrı olanda heç olmasa dayanmaq olur, amma oyun zamanı dayanmaq istəmirsən. Çünki hər kəs kimi komandaya xeyir vermək niyyətində olursan. Əlbəttə ki, hər kəs meydançanın təbii olmasından yanadır. 

- Premyer Liqanın 16-cı turunda "Zirə" ilə qarşılaşacaqsınız. Son turda "Qarabağ"dan xal alan "Zirə"ni səfərdə məğlub etmək mümkündür?
Həqiqətən "Zirə" ilə səfərdə oynamaq ağırdı. Çalışacağıq ki, oyuna kimi tam hazır vəziyyətə gələk. Yaxşı nəticə qazanmağa çalışacağıq.

- Ölkə kubokunda isə "Kəpəz"lə dueliniz var. Fasiləyə ölkə kubokunun yarımfinalçısı kimi yollana bilərsiniz. Bu haqda fikrin necədir?
Əlbəttə ki, hamı uğurlu nəticələr qazanmağı istəyər. "Kəpəz"ə qarşı da ağır oyunlarımız olacaq. Qələbə qazanaraq yarımfinala çıxmaq fikrindəyik. Lakin "Kəpəz"dən öncə, biz "Zirə" ilə qarşılaşacağıq. Bu mənada, hazırda biz yalnız "Zirə"ni düşünürük. 

Mirbağırağa

Xəbər xətti