"Şamaxı"da icarə əsasında çıxış edən "Qarabağ"lı: "Bu cür komandada oynamaq ən böyük arzulardan biridir" - MÜSAHİBƏ

16:34 - 2 Dekabr 2022

"Qarabağ"ın futbolçusu, icarə əsasında "Şamaxı"da çıxış edən Nihad Quliyev Sportal.az saytına müsahibə verib.

- "Şamaxı" son turda "Kəpəz"lə bərabərə qaldı. Nəticə sizin özünüzü razı saldı, yoxsa sizi yalnız qələbə qane edəcəkdi?
- Bu oyunun əhəmiyyəti çox önəmli idi. Altı xala bərabər oyuna çıxmışdıq. Məşqçilərin verdiyi tapşırıqları maksimum yerinə yetirməyə çalışırdıq. Rəqibin də gücünü bilirdik. Yaxşı rəqibə qarşı layiqli mübarizə apardıq. Məncə, nəticə ədalətli idi.

- Mövsümün əvvəlində "Şamaxı"ya ümidlər o qədər də çox deyildi. Amma komanda son turlarda uğurlu çıxış edə bilir. Səncə, birdən-birə nə baş verdi ki, uğursuzluq zolağından çıxa bildiniz?
- Biz mövsümün əvəlində də öz gücümüzü bilirdik, nəyə qadir olduğumuzu görürdük. Amma bizə çox az adam inanırdı. Bizə verilən tapşırıqları maksimum yerinə yetirib, uğurlu nəticə əldə edirik. Üzərimizdə ikiqat çox işləyib, daha da uğurlu çıxış etmək istəyirik. Bu yolda da irəliləyirik.

- Növbəti turdakı rəqibiniz "Sabah"dır. Həmin oyunda "Şamaxı"nın xal qazanmaq şanslarını necə görürsən?
Oyuna çox ciddi hazırlaşırıq. Rəqibin gücünü bilirik. Lakin bu, bizi oyuna daha ciddi kökləməyə kömək olur. Yaxşı oyun göstərməyə çalışacağıq. Uğurlu nəticə əldə edəcəyimizə inanırıq.

- Necə düşünürsən, "Şamaxı"nın liqadakı maksimum gücü nədir? 
- Biz öz üzərimizdə daha çox işləyib, uğurlu çıxış etmək istəyirik. Gücümüzü bilirik və bu yolda da irəliləyirik. Gözəl kollektivin bir üzvü olduğum üçün qürurluyam. Allah qoysa, hər şeyin ən yaxşısını edərik.

- "Qarabağ"dan "Şamaxı"ya icarə əsasında gəlmisən. Səncə, "Şamaxı"da göstərəcəyin performansla "Qarabağ"ın məşqçilər korpusunun etimadını qazanıb, diqqətini çəkə bilmisən?
- Əvvəla "Şamaxı"nın heyətində əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. İstər məşqlərdə, istərsə də, oyunlarda özümü yaxşı tərəfdən göstərmək niyyətindəyəm. "Qarabağ" haqda fikir sahibi deyiləm. Bu cür komandada oynamaq hər bir futbolçunun ən böyük arzularından biridir.

- "Qarabağ"a qarşı oyunlardan əvvəl necə, Qurban Qurbanov və məşqçilər korpusu ilə görüşmüsən?
- Əlbəttə ki, Qurban Qurbanovla, məşqçilər korpusu və futbolçu heyəti ilə də görüşürəm. 

- Özündə "Qarabağ"ın əsas komandasında oynayacaq gücü görürsən? Yeni mövsüm Ağdam klubunun əsas komandasında yer ala bilərsən?
- Bu yolda özümə çox inanıram. Daha da çox üzərimdə çalışmalıyam. İstər məşqlərdə, istərsə də oyunlarda. Daha yaxşı olmağa can atıram. Ümidvaram ki, hər şey yaxşı olacaq.

Mirbağırağa

Xəbər xətti