"Doğrudur, son turda evdə uduzmuşduq. Futbol tez-tez qalib gəlib, tez-tez uduzduğumuz oyundur. Biz hər zaman məğlubiyyətlərdən dərs alıb, irəliləyirik. "Sabah"a məğlub olmağımıza baxmayaraq, komandada hazırda yaxşı atmosfer var. Bütün oyunçular bugünkü görüşə köklənib".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Turan Tovuz"un müdafiəçisi Ben Aziz Dao deyib. Bölgə klubunun afrikalı futbolçusu Misli Premyer Liqasının 16-cı turunda qarşılaşacaqları "Zirə" ilə görüş haqda danışıb. O, səfərdə oynamalarına baxmayaraq, qələbə üçün mübarizə aparacaqlarını bildirib:
"Meydana hər zaman qələbə üçün çıxırıq və üç xala ümid edirik. Ümid edirəm ki, futbol tanrısı bizim yanımızda olacaq. "Zirə"nin qeyri-adi nəyəsə sahib olduğunu düşünmürəm. Onlar da, digər komandalar kimidir".
Aziz "Turan Tovuz" futbolçularının tez-tez zədələnməsinin stadionun ot örtüyü ilə əlaqəli olmadığını da qeyd edib: "Doğrudur, zədəli oyunçularımız var idi. Amma bunun stadionumuzun ot örtüyündən irəli gəldiyini düşünmürəm. Futbolçu zədələnirsə, demək ki, Allah belə istəyib. Hər gün meydana çıxırsansa, bu, qaçılmazdır".
Tovuz klubuna yayda keçən 23 yaşlı müdafiəçi Azərbaycan Premyer Liqası barədə də fikirlərini bildirib: "Azərbaycan çempionatı yaxşı səviyyədədir. Mənə görə, Premyer Liqanın Messisi isə Kadi Borgesdir. “Turan Tovuz”un avrokuboklara yollana biləcəyini isə indidən təxmin edə bilmərəm. Hər şeyin sonunu Allah bilir".
Sonda isə afrikalı Qətərdə davam edən dünya çempionatı barədə də fikirlərini söyləyib. O, Burkina-Fasonun mundialda yer almamasına rəğmən, Afrikadan - Mərakeş və ya Seneqalın sürpriz edə biləcəyini dilə gətirib: "Dünya çempionatı mənim üçün çox maraqlı gedir. Afrikanın iki komandası – Mərakeş və ya Seneqalın sürpriz etməsi inandırıcıdır. Ancaq hansının bunu edəcəyini deyə bilməyəcəm. Hər ikisi güclü komandadır. Gözləyək, görək necə olacaq".
Mirbağırağa
saytlarin hazirlanmasi