"Dinamo"nun idman direktoru olan həmyerlimiz: "Azərbaycanlıların komandaya cəlb edilməsi maddi məsələlərlə əlaqəli deyil"

14:43 - 4 Dekabr 2022

"Düzü, hər şey gözlədiyimiz kimi olmadı. Təbii ki, nəticələrimizdən razı qala bilmərik. Bunun da müəyyən obyektiv və subyektiv səbəbləri var. Onların çoxunu özümüz də bilirik. Həmin səbəbləri aradan qaldırmaq üçün müəyyən işlər aparılacaq. Başlıca məqsədimiz komandanı uğursuzluq zolağından çıxarmaqdır. Bunlar mütləq həyata keçiriləcək. Həmin addımlar atılacaq. İkinci dövrədən etibarən bunlar kökündən həllini tapmalıdır".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Dinamo-Avto"nun idman direktoru Rəsul Şükürsoy deyib. Moldova klubunun rəsmisi qışda komandaya azərbaycanlı futbolçunun cəlb edilib-edilməyəcəyi barədə də fikirlərini bildirib. Şükürsoyun dediyinə görə, futbolçunun azərbaycanlı olması yox, istedadlı olması önəmlidir: 

"Azərbaycanlıların komandamıza cəlb edilməsi maddi məsələlərlə əlaqəli deyil. Bu, seçim məsələsdir. Bizim üçün futbolçunun azərbaycanlı və ya başqa millətdən olmasının o qədər də fərqi yoxdur. Əsas prinsip, onun istedadlı və məqsədlərimizə uyğun olmasıdır. Gələcəyini düşünən, inkişaf etmək istəyən oyunçularla yolumuza davam edirik. Məsələn, hazırda heyətimizdə Tacikistan millisinin oyunçusu yer alır. Onu 17 yaşından kampımıza cəlb etmişdik. Həmin vaxtı isə millisinin üzvü belə, deyildi. İndi onu gətirdiyimiz səviyyə elədir ki, əsas millidə 7 oyun keçirib. Onun tacik olması da, heç bir xüsusi əhəmiyyət kəsb etmir.

​Hazırda ən çox tələb görən hücumçumuz Junior Efaqedir. Məsələn, onun da qabonlu olması bizim üçün meyar ifadə etmir. Biz futbolçunun istedadlı olmasına fokuslanırıq, diqqət edirik. Futbolçu azərbaycanlı olsa da, yanaşmamız eynidir. Tələblərimizə uyğun oyunçular olarsa, maraqlana bilərik. Hələ elə oyunçu olmayıb ki, ona təklif göndərək, şərtlərimizi qəbul etməsin, razılaşa bilməyək. Bu hallarla qarşılaşmamışıq. Çünki biz oyunçuları özəl seçirik. Elə futbolçuya təklif göndəririk ki, onun bizə, bizim də ona ehtiyacımız var. Bu mənada, futbolçularla razılığımız rahat alınır".

Mirbağırağa

Xəbər xətti