"Laurentsiu Regekampfı da günahlandırmaq lazımdır" - MÜSAHİBƏ

11:59 - 5 Dekabr 2022

"Neftçi"nin sabiq idman direktoru Ceyhun Sultanov Sportal.az saytına müsahibə verib.

- "Neftçi" Azərbaycan derbisində "Qarabağ"a uduzdu. Bu cür nəticə olacağını ehtimal edirdin?
Biz bu oyunu derbi adlandırırıq. Düşünürdüm ki, "Neftçi"yə xal lazımdır deyə, çempionluq mübarizəsindən qopmamaq üçün qələbə qazanmaq istəyəcək. Amma əfsuslar olsun ki, nəticə qazana bilmədi. Nəticə bir yana, hətta oyun da oynaya bilmədi. Bütün komponentlərdə "Qarabağ"a uduzdular. Nəticəni bu dərəcədə gözləmirdim.

- Həmin məğlubiyyət "Neftçi"nin çempionluq mübarizəsində olmayacağının sübutudur?
- Bəli, həmin oyunla "Neftçi" çempionluqdan əlini üzmüş oldu. Mənə elə gəlir ki, betə getsə, ikincilik də çətin olacaq. Çünki "Sabah" da yaxşı komandadır. "Neftçi" üçüncü yeri qoruyub-saxlamalıdır.

- "Neftçi"nin uğurlu çıxışına heyət imkan vermir, yoxsa baş məşqçi?
- Heyətin zəif olduğunu deməzdim. Normal heyətdir. Sadəcə olaraq, 3-4 keyfiyyətli futbolçu da gətirilsəydi, yaxşı idi. Bu heyətlə baş məşqçi hələ də, heç nə edə bilmir. Laurentsiu Regekampfı da günahlandırmaq lazımdır. İstənilən halda, bu heyətlə baxımlı futbol oynamalıdırlar. "Qarabağ"a qarşı olmasa da, digər rəqiblərlə oyunda baxımlı oyun göstərmək lazımdır. Hələlik bunu edə bilmir. Heyətdə keyfiyyətli futbolçular varsa, günah baş məşqçidədir.

- Dediyin kimi, bəlkə "Neftçi" "Sabah"la ikincilik mübarizəsi aparacaq?
- "Neftçi" çempionluqdan əlini üzüb. "Sabah"la ikincilik üçün mübarizə aparacaq. Ancaq məncə, onlar bunu əldən verməyəcək. Çünki "Sabah"da xüsusi oyun üslubu var. Komanda şəklində çox yaxşı oynayırlar. Bütün bunlara görə deyirəm ki, "Sabah" məncə, ikinciliyi əldən buraxmayacaq.

- "Qarabağ"la oyundan sonra azarkeşlər futbolçuları təhqir etdi, Emin Mahmudovu çağırmışdılar tribunanın qarşısına...
- Futboldur da, azarkeşlər çox şey istəyib, deyə bilər. Sən futbolçusansa, heç nəyə fikir verməməlisən. Yaxınlaşırsansa, təhqir də olacaq. Çünki orada hər bir insanın öz fikri var. Normal qarşılamaq lazımdır. Emin Mahmudov kapitandır, səbirli olmalıdır. O, azarkeşlərə qarşı hörmətsizlik etməz heç vaxt. Bu cür oyunlarda, belə məğlubiyyətlərdə çox şeylər olur. Normal yanaşmaq lazımdır.

- Yeni rəhbərliyin gəlişindən sonra "Neftçi"nin çempionluq mübarizəsinə yenidən qoşulacağını gözləmək olar?
- "Neftçi"nin çempion olması üçün əsas məsələ büdcənin artırılmasıdır. Çünki bütün uğurlar büdcənin çoxalmasından əmələ gəlir. Keyfiyyətli futbolçular lazımdır. Yeni baş məşqçi gələcəksə, yeni komanda qurulacaq. Maliyyədən çox şey asılı olacaq. Rəhbərlik dəyişilə bilər, amma maliyyə bu cür qalacaqsa, yenə də 2-3-cü yer üçün oynayacaqlar. Heyəti dəyişmək lazımdır. Çempionluq uğrunda mübarizə aparırsansa, yüksək  səviyyəli oyunçular dəvət olunmalıdır.

- Bəs qışda heyətdə çox dəyişiklik edilməlidir? Yaydakı hansı transferi uğursuz adlandırardın?
- Qışda tam dəyişiklik olmamaldıır. Lazım olan mövqelərə daha yaxşısını, daha yaxşı liqalarda oynayan keyfiyyətli oyunçuları dəvət etmək lazımdır. "Neftçi" bu il çempionluqdan əlini üzüb, gələn ilin komandasını qurmalıdır. Uğursuz legioner heç kimə deyə bilmərəm. Çünki 5-6 aydan sonra həmin legioner elə futbol oynaya bilər ki, deyərsən, həmin futbolçuya inanmaq lazımdır. Ona görə də, hansısa legionerə pis deyə bilmərəm.

Mirbağırağa

Xəbər xətti