"Sabah"ın kapitanı: "Xal itirmişiksə, bütün komanda məsuliyyət daşıyır" - MÜSAHİBƏ

14:51 - 5 Dekabr 2022

"Sabah"ın kapitanı, Azərbaycan millisinin üzvü Elvin Camalov Sportal.az saytına müsahibə verib.

- "Sabah" son turda "Şamaxı" ilə bərabərə qaldı. Qələbə qazana bilməməyinizə səbəb nə oldu?
- Əslində, oyuna yaxşı başlamışdıq, erkən də qol vurduq. Amma bir neçə dəqiqə sonra azlıqda qaldıq. Buna baxmayaraq, üstünlük yenə biz tərəfdə idi. Lakin təəssüf ki, yaradılan qol fürsətlərini dəyərləndirə bilmədik. "Şamaxı" isə qol imkanından istifadə edərək hesabı bərabərləşdirməyi bacardı. Futbolda belə hallar olur. Bu matçda yol verdiyimiz səhvlərdən nəticə çıxarmalıyıq.

- Kristian Sebalyosun qırmızı vərəqə alması yəqin ki, komandaya mənfi təsir etdi. İspaniyalının meydandan qovulması nəticəyə nə dərəcədə təsir göstərdi?
-
Oyunun böyük hissəsini azlıqda keçirdik. Bu, heç də asan deyil. Lakin bayaq dediyim kimi, azlıqda qalsaq da, üstünlüyümüz var idi. Sadəcə olaraq, həmin üstünlük hesabda da öz əksini tapmalıydı. Əfsuslar olsun ki, bu, bizdə alınmadı. Biz bir komandayıq. Xal itirmişiksə, bütün komanda məsuliyyət daşıyır. 

- Ola bilər ki, bu oyunda "Sabah"a mənfi təsir göstərən məqamlardan biri də arxayınçılıq idi?
-
Belə deməzdim. Ümumiyyətlə, çempionatda asan oyun olmur ki, hansısa matça arxayın çıxaq. "Şamaxı"ya qarşı səfər görüşü də çətin alınmışdı. Lakin həmin oyundan üç xalla ayrılmağı bacarmışdıq. Futbolda belə hallar olur. Bu matçdakı səhvlərimizdən nəticə çıxararaq, qarşıdakı oyunlara köklənməliyik.

- "Qarabağ" son iki turda xal itirmişdi. Biri sizinlə görüşdə, digəri "Zirə" oyununda. "Neftçi" ilə görüşdə onların xal qazana bilməyəcəyinə ümid edirdiz?
-
Düzü, biz ancaq öz oyunumuza köklənirik. Başqa oyunlar haqda düşünmürük.

- Hazırda “Qarabağ”la aranızda xal fərqi 5-dir. Səncə, bu xal fərqini aradan qaldırmaq mümkün olacaq? 
- Tam səmimi deyirəm ki, biz turnir cədvəlinə fikir vermirik. Hər növbəti oyunumuzda qalib gəlmək üçün hazırlaşırıq. Meydana da çıxanda qalibiyyət haqda düşünürük. 

- “Qarabağ”a qarşı son oyunda çox yaxşı mübarizə apardınız. Növbəti görüşlərin ikisində də "Qarabağ"a qalib gəlmək şanslarınızı necə dəyərləndirirsən? Razısan ki, çempionluq mübarizəsi aranızdakı keçiriləcək iki oyunda həll olunacaq?
- Doğrudur, "Qarabağ"a qarşı hər iki oyunumuz çox yaxşı alınmışdı. Fikrimcə, azarkeşlər maraqlı oyunların şahidi olmuşdu. Biz hər oyunumuza qələbə üçün çıxırıq. Lakin bayaq dediyim kimi, turnir cədvəli haqda yox, növbəti rəqib və oyun barədə düşünürük. Bizi qarşıda kubok matçı gözləyir.

- Ölkə kubokunun 1/4 final mərhələsində "Səbail"ə qarşı oyunlar gözləyir. Mərhələ adlamaq şanslarınızı necə görürsən?
-
İstənilən oyun çətindir. Necə biz istəyirik, rəqibin mərhələ adlamaq niyyəti var. Bunun üçün sona kimi mübarizə aparacaqlar. Əlimizdən gələni edəcəyik ki, kubokda mərhələni keçən tərəf biz olaq.

Mirbağırağa

Xəbər xətti