"Düzünü desəm, öz performansımdan razı deyiləm" - MÜSAHİBƏ

15:20 - 7 Dekabr 2022

“Qəbələ”nin yarımmüdafiəçisi Rövlan Muradov Sportal.az saytına müsahibə verib. 24 yaşlı futbolçu komandasının ölkə çempionatındakı çıxışını dəyərləndirib. Bununla yanaşı komandasının Azərbaycan kubokunun 1/4 final mərhələsində "Qarabağ"la oyunlarda şansları barədə danışıb.
 
- “Qəbələ” son tutda “Səbail”ə çətinliklə qalib gəldi. Dumanlı havada keçən oyunu komandan üçün necə dəyərləndirirsən? 
- Məncə, biz layiqli qələbə qazandıq. Doğrudur, ilk dəqiqədə qol buraxdıq. Ancaq komanda olaraq təmkinli davranaraq yaxşı oyun göstərdik. Nəticəsində də, qalib gəldik. Təbii ki, çətin alındı. 

- “Qəbələ” bir növ dumanda oynamağa öyrəşib. Bu, sizə hər hansı üstünlük qazandırırdı, yoxsa ilk yarıda qapını görmək də çətin idi?
- Əslində, dumanda oynamaq bizim üçün artıq normal gəlir(gülür). Lakin istənilən halda, qələbə çətinliklə qazanıldı. 

- Demək olar ki, mövsümün ən çətin dönəminə girirsiniz. Ardıcıl “Qarabağ”la oyunlarda nəyə ümid edirsiniz? Sizə ən çox çətinlik törədən nə ola bilər? 
- Doğrudur, çətin oyunlar olacaq. Amma biz meydana uğurlu nəticələr üçün çıxacağıq. Çalışacağıq ki, mübarizə aparıb, layiqli qələbələr qazanaq.

- Ölkə kubokubun ilk görüşü Bakıdadır. Necə düşünürsən, “Qarabağ”a qarşı Bakıdan uğurlu nəticə ilə ayrılmaq mümkündür? 
- Biz komanda şəklində ciddi hazırlaşırıq. Ümid edirəm ki, yaxşı nəticə ilə ayrılarıq. Kollektiv olaraq inamımız böyükdür. Meydanda da, bunu göstərməyə çalışacağıq.

- Bu mövsüm çempionatda iki qol vurmusan. Sonuncu dəfə üçüncü turda fərqlənmişdin. Öz performansından razısan? Səncə, son vaxtlarda liqada fərqlənə bilməməyinə nə mane olur?
- Düzünü desəm, öz performansımdan razı deyiləm. Daha çox qol vurmaq, assist etmək istəyirəm. Bunun üzərində çalışıram.

- “Qarabağ”ı kubokda keçməyiniz  sürpriz qəbul edilməlidir?
- “Qarabağ”ın gücü hər kəsə bəllidir. Həqiqətən də güclü kollektivdir. Amma biz “Qəbələ” olaraq mübarizə aparacağıq. Qələbələr qazanmaq niyyətindəyik.

Mirbağırağa

Xəbər xətti