"Səbail"in ukraynalı legioneri Maksim Çex Sportal.az saytına müsahibə verib. "Şaxtyor"dan icarəyə götürülən müdafiəçi Bayıl klubunun son vaxtlardakı uğursuzluğundan söz açıb.
- Ölkə çempionatının 16-cı turunda "Qəbələ"yə səfərdə uduzdunuz. İlk yarısı güclü dumanda keçirilən görüşü səncə niyə xalsız başa vurdunuz?
- Komandamızın bütün oyunçuları kimi, mənim də bütün məğlubiyyətlərə münasibətim mənfidir. Təbii ki, biz xal qazanmaq istəyərdik. Meydana da bunun üçün çıxmışdıq. Amma təəssüf ki, bu, bizdə alınmadı. Dumana gəldikdə, inandırım sizi, hələ belə hava şəraitində oynamamışdım. Meydançan və topu görmək çətinləşmişdi.
- "Səbail" hazırda turnir cədvəlinin 8-ci pilləsindədir. Amma mövsümün əvvəlində bu komandadan gözləntilər yüksək idi. Siz özünüz də narazısınız nəticələrdən?
- Təbii ki, nəticədən özümüz də narazıyıq. Amma yaxşı kollektivimiz və yaxşı klub prezidentimiz var. Turnir cədvəlində hazırkı yerdən daha yuxarı olmağımız üçün hər cür şəraitimiz var. Vəziyyəti düzəltmək və xal toplamaq üçün əlimizdən gələni edəcəyik.
- Bu gün "Səbail" ölkə kubokunun 1/4 final mərhələsində "Sabah"la qarşılaşacaq. Oyuna hazırsınız? Ardıcıl məğlubiyyətlərdən sonra özünəinam azalmayıb?
- Bəli, bütün komanda olaraq "Sabah" oyununa hazırıq. Hər kəs "Sabah"a qarşı keçiriləcək matçların əhəmiyyətini anlayır. Biz hər oyunda qələbə qazanmağı hədəfləyirik.
- "Sabah" ölkə çempionatında uğurlu mövsüm keçirir və hazırda da ikinci pillədə qərarlaşıb. Bu mənada, "Sabah" səddini aşmaq çətin olmayacaq?
- Düşünürəm ki, Azərbaycan çempionatında bütün komandalarla oynamaq və rəqabət aparmaq olar. Əlbəttə, asan oyun yoxdur. Heç bir qələbə də asan başa gəlmir. Sona qədər mübarizə aparmaq lazımdır.
- Ukraynadan Azərbaycana hansı məqsədlərlə gəlmişdiniz və hər şey gözlədiyiniz kimi çıxdı?
- Mən bura ölkə xaricində ilk təcrübəmi almaq üçün gəlmişəm. Ümidvaram ki, hər şey də yaxşı alınacaq. Komanda üçün əlimdən gələni etməyə çalışıram.
- Azərbaycan Premyer Liqası və Ukrayna çempionatı arasında müqayisəni necə aparardın?
- Ukrayna Premyer Liqasının səviyyəsi Azərbaycan çempionatına baxanda, daha yüksəkdir. Amma burada da, yaxşı oyunçular, güclü komandalar var. Bu mənada, hər iki liqada yaxşı mübarizə gedir.
Mirbağırağa