"Sabah"ı məğlub etməyimiz mənim üçün sürpriz olmadı" - MÜSAHİBƏ

16:37 - 11 Dekabr 2022

“Səbail”in uqandalı forvardı, ölkə kubokunun 1/4 final mərhələsinin “Sabah”la ilk görüşündə komandasının qollarından birini vuran Luvaqa Kizito Sportal.az saytına müsahibə verib.

- "Sabah"la matçda qalib gələ bildiniz. Matç sizin üçün necə alındı? 
- Komanda üçün əla oyun idi. "Sabah"ın çox yaxşı komanda olduğunu bilirdik. Amma əlbəttə ki, qalib gələcəyimizə inanırdım. Çünki biz özümüz də, yaxşı komandayıq.

- Rəqibiniz Premyer Liqada uğurla çıxış edir. Onları necə məğlub edə bildiniz?
- Bəli, onlar çox yaxşı formadadırlar. Amma biz də son vaxtlar öz çıxışlarımızla yaxşı formada olduğumuzu göstəririk. "Sabah"ı məğlub etməyimiz mənim üçün sürpriz olmadı.

- Yəqin ki, cavab oyununa 3:0 və 3:2 hesabı ilə çıxmağınız arasında böyük fərq olacaq?
- 3:0 həqiqətən daha rahat nəticə olardı. Hesab 3:1 olanda qol şansımız oldu. İstənilən halda, cavab görüşü də, bizim üçün 0:0 kimi başlayacaq. "Sabah"la cavab oyununa qələbə qazanmaq üçün yollanırıq.

- Sizcə, "Səbail" yarımfinala vəsiqə qazanacaq?
- İlk oyundakı kimi qələbə ruhu və qətiyyətli oynayacağıq. Sadəcə olaraq, bəzi səhvləri düzəltməliyik. Belə olarsa, 100% biz keyfiyyət və nəticə əldə edə bilərik.

- "Sabah"la görüşdə qol vurmağı bacardın. Vurduğun digər qol isə ofsayd səbəbi ilə qeydə alınmadı...
- Bəli, mən həmişə qol vurmağa və komanda yoldaşlarımın fərqlənməsinə şərait yaratmaq üçün fokuslanıram. Bu görüşdə qol vurduğuma görə şadam. Ümidvaram ki, bundan sonrakı oyunlarda da, belə olacaq. 

- Qışda komandadan göndərilə biləcəyi yazılır. Belə olacaq, yoxsa mövsümün sonuna qədər "Səbail"də qalacaqsan?
- Klubla mövsüm sonuna qədər müqaviləm qüvvədədir. Mətbuatda bəzən bu cür xəbərlər yazılır. Amma onların hamısı da doğru olmur. İndi bütün diqqətim komandama kömək etməkdir. "Səbail" üçün daha nələr edə bilərəm deyə, onu fikirləşirəm. Bizim üçün hər matç finaldır. 

Mirbağırağa

Xəbər xətti