Klublarımızın yayda yollarını ayırdığı, indiyə qədər işsiz qalan futbolçular - FOTOLAR

14:49 - 12 Dekabr 2022

Ölkə çempionatında qış fasiləsinə az qalmasına baxmayaraq, yayda klublarımızdan ayrılan futbolçular var ki, onlar hələ də, özlərinə komanda tapa bilməyiblər. Premyer Liqa təmsilçiləri yayda adını sadalayacağımız futbolçularla müqavilə müddətini uzatmamışdı. Onlar arasında yerli və xarici futbolçular da var. Yaydan bu yana işsiz qalan futbolçuların siyahısını təqdim edirik:

Fəhmin Muradbəyli

Samir Abasovun zamanında "Neftçi"də az-az şans görən Fəhminin sonda müqaviləsinə xitam verildi. İcarədə oynadığı vaxtda "Səbail" və "Şamaxı"da özünü yaxşı tərəfdən göstərmiş yarımmüdafiəçinin indiyə qədər klubsuz qalması bəxtsizliyə görə olub, desək, yanılmarıq. Məsələ burasındadır ki, yarımmüdafiəçi ölkə xaricinə yollanmaq üçün yerli klubların təklifindən imtina edib. Sonda isə xaricə yollanması baş tutmayıb. Bununla yanaşı, yerli klublardan birinə keçidi də gerçəkləşməyib. O, özü də, saytımıza açıqlamasında xaricə yollanmaq istəyində olduğunu demişdi.



Spiro Periçiç

 

"Sabah"a böyük ümidlərlə cəlb edilsə də, xorvatiyalı özünü burada göstərə bilməmişdi. Əsas heyət üzvünə çevrilə bilmədiyinə görə, 29 yaşlı komandadan göndərilmişdi. Azərbaycana gələnə qədər, "Hayduk", "Maribor", "Mura" kimi komandalarda oynamış müdafiəçi indiyə qədər özünə yeni iş yeri tapa bilməyib.



Xulio Rodriqez

Yayda "Sabah" dan göndərildikdən sonra klubsuz qalan digər futbolçu isə Xulio Rodriqezdir. Ötən mövsüm "Sabah"da əsas heyət üzvü olmasa da, argentinalı meydana az da çıxmamışdı. Qış fasiləsi yaxınlaşsa da, 32 yaşlı hücumçu hələ ki, heç bir klubda oynamır. O, saytımıza müsahibəsində xanımının hamilə olması səbəbindən Argentinada qalmağa üstünlük verdiyini bildirmişdi. Bununla yanaşı, təcrübəli hücumçu Azərbaycana qayıtmağın əleyhinə olmadığını da söyləmişdi. Xulio "Sabah"dan öncə "Zirə"də çıxış etmişdi.



Aldair Neto 
 

Yayda "Şamaxı"dan göndərilənlərdən biri də Aldair Neto oldu. Adıçəkilən klub "Keşlə" adlanarkən Şimali Makedoniyanın "Pelister" klubundan oynamış anqolalı yarımmüdafiəçini heyətinə qatmışdı. Amma 28 yaşlı futbolçu yaydan bu yana heç bir kluba lazım olmayıb. Onun karyerasına harada davam edəcəyi hələ ki, bəlli deyil. 




Cavid İmamverdiyev

Ötən mövsüm “Kəpəz”in heyətində birinci divizionda oynamış Cavid İmamverdiyev mövsümöncəsi təlim-məşq toplanışları zamanı komandadan göndərilmişdi. Belə ki, Gəncə klubunun sabiq çalışdırıcısı Yaşar Vahabzadə İmamverdiyevi sərəncamında görmək istəməmişdi. O vaxtdan bu yana təcrübəli oyunçu işsizdir. 



Maqomed Mirzabekov

Azərbaycan milli komandasının sabiq üzvü, "Neftçi" və "Qəbələ" klublarında oynamış müdafiəçi "Səbail"dən ayrılandan bu yana heç bir komanda ilə müqavilə imzalamayıb. Hazırda Rusiyada olan Mirzabekov yerli minifutbol liqasında çıxış edir. Klubsuz qalmasına baxmayaraq, yığmamızın keçmiş futbolçusu aktiv futbolçu karyerasını başa vurmaq haqda düşünmədiyini mətbuata açıqlamışdı. 




​Mirbağırağa

Xəbər xətti