"Növbəti mərhələyə vəsiqə qazanmaq istəyiriksə, "Qarabağ"a qarşı birinci oyundan daha yaxşı oynamalıyıq" - MÜSAHİBƏ

11:24 - 13 Dekabr 2022

"Qəbələ"nin braziliyalı müdafiəçisi Ruan Renato Sportal.az saytına müsahibə verib.

- Ölkə kubokunun 1/4 final mərhələsinin ilk görüşündə "Qarabağ"la 2:2 oynaya bildiniz. Bu, istədiyiniz nəticə idi?
- "Qarabağ"la matçda yaxşı oyun oynamağa çalışdıq. Ki, Qəbələdəki matç həlledici olsun. Məncə, ilk məqsədimizə nail olduq.

- "Qarabağ"la görüşdə sizə motivasiya verən nə idi?
- Düşünürəm ki, içimizdə olandan daha böyük motivasiya yoxdur. Motivasiyamızın qarşılaşacağımız rəqibə uyğun gəlməsini gözləyə bilmərik. Biz hər gün motivasiyamızı axtarmalıyıq və rəqibdən asılı olmayaraq, həmişə əlimizdən gələni etməyə çalışmalıyıq.

- "Qarabağ"a qarşı daha iki oyununuz var. Komanda kubokda, yoxsa çempionat matçında bütün gücünü səfərbər edəcək?
- Hər oyunda əlimizdən gələni etməyə çalışacağıq. Qalib gələcəyimizi, ya uduzacağımızı bilmirik. Amma bizim bir yolumuz var, o da, hər iki matçda qələbə qazanmaq. Gücümüz çatanı etməliyik. Oyuna yaxşı hazırlaşmışıq. Matçın gedişində bütün aspektlərdə ən yaxşı oyunumuzu oynamağa çalışmalıyıq.

- Necə düşünürsüz, "Qarabağ"ı kubokda məğlub edərək yarımfinala vəsiqə qazana biləcəksiz? Bu baş verərsə, sizin üçün böyük uğur sayılacaq?
- “Qarabağ”ı turnirdən uzaqlaşdırıb, növbəti mərhələyə vəsiqə qazansaq, şübhəsiz ki, bu, bizim üçün çox sevindirici olacaq. Ölkənin ən yaxşı komandası ilə qarşılaşacağımızı bilirik. Amma bilirik ki, növbəti oyun ilk oyundan qat-qat çətin olacaq. “Qarabağ”ın matçın istənilən anında oyunun taleyini həll edə biləcək futbolçular var. Bunun baş verməməsi üçün diqqətimizi cəmləməliyik. Növbəti mərhələyə vəsiqə qazanmaq istəyiriksə, "Qarabağ"a qarşı birinci oyundan daha yaxşı oynamalıyıq.

- Hər halda “Qarabağ”ı turnirdən kənarlaşdıra bilsəniz, hamı sizdən ölkə kubokunu qazanmağınızı gözləyəcək. Çünki ötən mövsümün qalibi “Qarabağ” olub....
- Bilirik ki, “Qarabağ” səddini keçsək, bu, komandanın özünəinamını artıracaq. Amma bu o demək deyil ki, biz favorit olacağıq. Ölkə kubokunda iddialı klublar qalıb. Hansı ki, onlar bu mövsüm “Qəbələ”dən qat-qat böyük sərmayələri var. Mövsümdən asılı olmayaraq, hər şeyin meydanda həll olunduğunu bilirik. Ümid edirəm ki, kubokda irəliləyəcəyik.

Mirbağırağa

Xəbər xətti