"Neftçi"dəki futbolçuların əksəriyyəti hansı klubda oynadıqlarının fərqinə varmır" - MÜSAHİBƏ

10:27 - 15 Dekabr 2022

Tovuz futbol məktəbinin yetirmələrindən olan, uzun illər "Neftçi"də çıxış etmiş Ruslan Abbasov Sportal.az saytına müsahibə verib.

- "Turan Tovuz" ölkə kubokunun 1/4 final mərhələsinin "Kəpəz"lə ilk oyununda qalib gəldi. Necə düşünürsən, "Turan Tovuz" evdəki matçda lazım olan nəticəni qazanaraq yarımfinala adlaya bilər?
"Turan Tovuz"un şansının "Kəpəz"dən daha çox olduğunu düşünürəm. Evdə də, "Kəpəz"ə qalib gəlib, ən azından heç-heçə edib mərhələ keçən tərəf biz olacağıq. Fikrimcə, komandamız belə şansı əldən verməz. İnanıram ki, Tovuzdakı matçda da istədiyimiz nəticə olacaq və yarımfinala adlayacağıq.


- Bu gün isə "Turan Tovuz" "Neftçi" lə qarşılaşacaq. Səncə, hansı komanda daha şanslıdır?
"Turan Tovuz" səfərdəki oyunlarla müqayisədə, evdə daha baxımlı oyun oyun sərgiləyir. "Neftçi"nin bugünkü vəziyyətinə baxsaq, "Turan Tovuz"un xal almaq şansının yüksək olduğunu düşünmək olar. Hiss edirəm ki, ən azından heç-heçə oynayacağıq. O gücü, istəyi, "Turan Tovuz"da görürəm. Azarkeşlərimizin dəstəyi ilə "Neftçi"dən xal alacağıq.

-  Hər iki komandada uzun illər oynamısan. Hansı komandaya azarkeşlik edəcəksən? 
- Bəli, hər iki komanda mənim üçün əzizdir. Güclü olan qalib gəlsin. Amma həm tovuzlu kimi, həm də burada işlədiyim üçün. "Turan Tovuz" mənə əziz, yaxındır. Tovuzlu olduğuma görə, bu komandaya azarkeşlik edirəm, qalib gəlməsini istəyirəm. Hər halda, hansı komanda yaxşı oynayar, o da qalib gəlsin. İstəyərdim ki, "Turan Tovuz" xallarını çoxaltsın, üst pillələrə yüksəlsin. 

- Bu mövsüm "Neftçi" daha uğurlu çıxış edir, yoxsa "Turan Tovuz"?
Məncə, "Turan Tovuz" daha uğurludur. Çünki sıfırdan və az büdcə ilə yığılmış komandadan danışırıq. Bugünkü gündə 16 xalın yığılması elə-belə yerə deyil. Hansı əziyyətlərlə yığılmış komanda olduğunu bilirik. Amma "Neftçi" Azərbaycanda bir nömrəli klub olub və belə olaraq qalır. Bu mövsüm göstərdiyi oyuna görə demək olar ki, çox bərbad, uğursuz mövsüm keçirir. Müqayisə edəndə, "Turan Tovuz"un çıxışını daha uğurlu hesab etmək olar. Az büdcə ilə az müddətdə döyüşkən kollektiv yaradılıb.

- "Neftçi"nin bu mövsümkü uğursuzluğunu nə ilə əlaqələndirirsən?
- Uğursuzluğun nə ilə əlaqədar olduğunu deyə bilmərəm. Çünki komandanın içində deyiləm, hansı proseslərin getdiyindən məlumatlı deyiləm. Kənardan görünən budur ki, "Neftçi"dəki futbolçuların əksəriyyəti hansı klubda oynadıqlarının fərqinə varmır. Yəqin ki, bu cür tarixi klubu onlara tanıtmırlar. Ona görə, "Neftçi"nin bəzi futbolçuları özləri üçün oynayır, komanda qalib gəldi, ya uduzdu, onlar üçün az fərq edir. Həmin futbolçulara bu klubun Azərbaycanda bir nömrəli komanda olduğunu deməyiblər. "Neftçi"də hər zaman döyüşkən futbolçular çıxış edib. Kənardan görünən odur ki, 2-3 futbolçunu çıxmaq şərtilə, qalan oyunçular üçün "Neftçi"nin nəticələri o qədər də, önəmli deyil.


- "Turan Tovuz"un yeni sponsorlara ehtiyacı olduğunu bilirik. Səncə, nəyə görə kluba kömək etmək istəyən sponsorlar yoxdur? Olarsa, daha uğurlu çıxış edə bilər komanda?
- "
Turan Tovuz" üçün əlavə sponsoru olsa, maddi durum artsa, daha yaxşıdır. Yüksək səviyyəli oyunçular yenə gələr, komandada rəqabət artar. Tovuz camaatı futbolu sevir, futbolla yaşayır. Komandada keyfiyyətli futbolçuların sayının çox olması, əladır. Biz də istəyirik ki, əlavə sponsorlar gəlsin, klubun maddi durumu artsın. Ən böyük arzumuz odur ki, "Turan Tovuz" yenə avrokuboklara vəsiqə qazansın. Tovuz camaatı da həmin həyəcanı, atmosferi yaşasın. Ümid edirik ki, əlavə sponsorlar olacaq.

Mirbağırağa 

Xəbər xətti