"Sumqayıt"ın qapıçısı Aydın Bayramov Sportal.az saytına müsahibə verib.
- "Sumqayıt" "Səbail"ə qalib gələ bildi. Matç istədiyiniz kimi alındı, yoxsa çətinliklə qalib gəldiyinizi düşünürsən?
- Çox ağır oyun idi. Matça ciddi hazırlaşmışdıq. Çünki çətin keçəcəyini bilirdik. Şükürlər olsun ki, sevinən tərəf biz olduq.
- "Sumqayıt" üç oyundan 7 xalla ayrıla bilib. Demək olar ki, komanda uğursuzluq zolağından çıxıb?
- İki oyunda qalib gəlməyimiz hər şey demək deyil. Düzələcək çox şey var. Amma bu oyunlar bizim üçün böyük motivasiyadır. Çalışacağıq ki, oyundan-oyuna daha yaxşı olaq.
- Növbəti turda "Sumqayıt"ın rəqibi "Sabah" olacaq. Çempionluq uğrunda mübarizə aparan "Sabah"ı məğlub etmək mümkündür?
- Biz hər oyuna eyni cür yanaşırıq. Bu oyuna da ciddi yanaşıb, baş məşqçinin tapşırıqlarını yerinə yetirib maksimum nəticə qazanmağa çalışacağıq. Özü də, evdə, doğma azarkeşlərimiz önündə oynayacağıq.
- Həm üç oyunluq uğurlu seriyanız, həm də sonuncu pillədən qurtulmağınız "Sabah"la matçda sizə böyük motivasiya verəcək?
- Əlbəttə. Bu, bizim üçün böyük motivasiyadır.
- Demək olar ki, futbolçular Samir Abasovun oyun fəlsəfəsinə tam öyrəşə bilib? Qışdan sonra daha uğurlu nəticələr olacağına inanırsan?
- Bəli, deyərdim ki, Samir Abasovun gəlişi komandanı daha da motivasiya etdi. Hamımız əmin idik ki, bu bəhrəsini verəcək. Oyundan-oyuna onun istədiklərini daha yaxşı həyata keçirməyə çalışırıq. Qışda təlim-məşq toplanışımız var. Ondan sonra daha yaxşı olacağımıza inanıram.
- Qışda “Neftçi” və ya başqa komandaya keçidin baş tutacaq, yoxsa “Sumqayıt”da qalacaqsan?
- Bunun haqda danışmaq hələ tezdir. Çünki “Sumqayıt”la maya qədər müqaviləm var. O vaxta qədər ancaq “Sumqayıt” haqda fikirləşəcəm.
- "Səbail"lə görüşdə canlı səddi qurarkən Rüfət Abdullazadəyə "məni yorma" deməyin maraqla qarşılanıb. Həmin epizodu necə xatırlayırsan?
- Doğrudur(gülür). Maraqlı epizod alınıb. Oyun zamanı belə şeylər olur. Biz ailəyik və bir-birimizə can deyirik. Bu cür sözlər heç kimin xətrinə dəymir. Sadəcə canlı Rüfətə baxıb qurmalıydım. Oyunun atmosferi də, çox ağır idi deyə, insan arada-bir emosiyaları cilovlaya bilmir. Qapıçının canlı səddi qurmasından çox şey asılıdır. Çünki qolun vurulub-vurulmaması da burada öz təsirini göstəriri. Sadəcə olaraq, bilməzdim ki, bu, səsim ekranda yayılacaq. Çünki bu futboldur və meydanda həmişə bu cür dialoqlar olur.
Mirbağırağa
saytlarin hazirlanmasi