"Turan Tovuz"un kapitanı: "Bizim real qol şanslarımız "Neftçi"dən çox idi" - MÜSAHİBƏ

16:56 - 16 Dekabr 2022

"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev Sportal.az saytına müsahibə verib.

 

30 yaşlı mərkəz müdafiəçisi Premyer Liqanın 17-ci turunun "Neftçi" ilə matçını (0:1) dəyərləndirib, Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Kəpəz"lə keçirəcəkləri cavab görüşü haqda danışıb:



- "Neftçi" ilə matç haqda fikrin necədi? Görüş sizin üçün necə alındı? 

- Oyunu yaxşı hazırlaşmışdıq, rəqibi təhlil etmişdik. "Neftçi"nin zəif cəhətlərini bilirdik. Bunlardan istifadə etməyə çalışdıq. Düşünürəm ki, çox yaxşı oynadıq. Şanslarımızı dəyərləndirə bilmədik deyə sonda məğlub olduq. Futbolun qanunu var ki, vurmayana vurarlar. "Neftçi"nin real vəziyyətləri olmadı. Penalti qazandılar və maksimum istifadə etdilər. Ən azı 1 xal qazana bilərdik. Bu görüşü unudub qarşıdakı oyunlara hazırlaşacağıq.

 

- Demək olar ki, komanda olaraq mövsümdəki ən yaxşı oyununuzu oynadınız? Səncə, xal qazanmaq niyə alınmadı?

- Hər matça xal və ya xallar qazanmaq üçün çıxırıq. "Neftçi" ilə səfərdəki oyunda heç-heçə etmişdik. Evdə isə qələbə qazana bilmədik. Təəəssüf ki, əlimizə düşən fürsətlərdən yararlana bilmədik. Səhvlərimizi təhlil edib aradan qaldırmağa çalışacağıq. "Neftçi"ni təbrik edirəm.

 

- 0:1 ədalətli nəticə idi, yoxsa ən azından xal və ya xallara layiq idiz?

- Qələbə də qazana bilərdik, heç-heçə də edə bilərdik. Bizim real qol şanslarımız "Neftçi"dən çox idi.

 

- "Kəpəz" və "Neftçi" ilə matçlarda əllə oynadız və qapınıza penalti təyin olundu. Bu barədə fikriniz necədi?

- Matçlardan əvvəl həmişə baş məşqçimiz deyir ki, VAR sistemi var, çalışın cərimə meydançasının daxilində diqqətli olun. İki oyundur qapımıza penalti təyin olunur. Heç birimiz istəmərik ki, belə bir şey olsun. Amma futboldur, belə şeylər olur. Çalışırıq ki, bu, bir daha təkrarlanmasın. VAR sistemi elədir ki, hakimin diqqətindən qaçan epizodları deyirlər. Standart vəziyyətlər zamanı ani diqqətsizlik penaltiyə səbəb olur. Maksimum diqqətli olmaq lazımdır.

 

- "Kəpəz"lə oyunöncəsi məğlubiyyət sizə necə təsir edəcək?

- Xeyr, pis təsir edəcəyinə inanmıram. İlk oyunda qələbə qazanmağımıza baxmayaraq, şanslar bərabərdir. Rəqib də, biz də qarşılaşmaya yaxşı motivasiya olmuşuq. Qələbə qazanıb mərhələni keçmək istəyirik. "Neftçi" məğlubiyyətinin komandaya neqativ təsir edəcəyini düşünmürəm. Düzdür, qələbədən sonra əhval-ruhiyyə, özünə inam yaxşı olur. Komanda olaraq "Kəpəz"lə görüşə hazırlaşırıq.

 

- "Kəpəz"lə kubok matçı haqda fikrin necədi? Səfərdəki qələbədən sora mərhələni keçə bilməmək təhlükəsi var?

- İlk qarşılaşmada qələbə qazanmışıq. Amma səfər qolu amili yoxdur. Rəqib 1 qol vursa, oyun əlavə vaxta gedə bilər. Düzgün oynamaq lazımdır. Baş məşqçimizin rəqibi təhlil edib verdiyi tapşırıqları yerinə yetirsək, mərhələni keçə bilərik. Düşümürəm ki, "Kəpəz" meydana son oyunu kimi çıxacaq. Bizim üçün də elədir. Çox maraqlı matç olacaq. Hər derbidir, həm də kubokda hamı yarımfinala çıxmaq istəyər. Oyunun məsuliyyətini hamımız dərk edirik. 

 

Mirbağırağa

Xəbər xətti