"Qarabağ"la matçda böyük qüvvə ilə müdafiə olunurlar, minimum səhv etməlisən" - MÜSAHİBƏ

12:19 - 18 Dekabr 2022

Azərbaycanlı futbol məşqçisi Zaur Həşimov Sportal.az saytına müsahibə verib.

- Ölkə çempionatında "Qarabağ" 47 xalla liderdir və "Sabah"ı 7 xal qabaqlayır. Halbuki, bir ara bu komandalar arasında xal fərqi çox deyildi. "Qarabağ"ın ən yaxın izləyicisindən bu qədər aralanması, ona çatmağın çətin olacağını göstərir?
- Son bir neçə oyunda "Sabah"ın performansında eniş hiss olunur. Bu komandanın ilk turdan sona qədər yüksək tempdə oynayıb-oynamayacağı mənim üçün maraqlı idi. "Qarabağ"la xal fərqi 7-ə yüksəlib. "Sabah"ın oyun planında geriləməsi, həm də, "Qarabağ" daha geniş heyətə və təcrübəyə malik olması, bunu deməyə əsas verir ki, onlar çempionluq mübarizəsində öndədir. 

- Son görüşlərdə "Qarabağ"ın bərabərə qalması, yalnız  minimalhesabla qalib gəlməsini nə ilə əlaqələndirirsən?
-
Komandalar "Qarabağ"la matçda böyük qüvvə ilə müdafiə olunurlar, daha əzmkar oynayırlar. Nəzərə alaq ki, "Qarabağ"ın futbolçuları il ərzində çox yüklənirlər. İndiki vəziyyətdə onların xal itirməsi və ya minimal hesabla qalib gəlməsi normaldır.

- "Qarabağ" ölkə kubokunun yarımfinal mərhələsində "Qəbələ" ilə cavab görüşünə çıxacaq. Necə düşünürsən, evdə 2:2 oynayan "Qarabağ" səfərdə rəqibini məğlub edə biləcək?
- "Qarabağ" son iki oyunu "Qəbələ"yə qarşı keçirib. Həm kubok, həm çempionatda "Qəbələ" yaxşı çıxış etdi. Qəbələdə bizi daha maraqlı və gərgin mübarizə gözləyir. "Qəbələ" əzmkarlıq və evdə oynamağın üstünlüyündən yararlanaraq mərhələni keçə bilər. Əlbəttə ki, "Qarabağ"la oyunda minimum səhv etməlisən.

- "Qəbələ"nin yarımfinala vəsiqə qazanması sənin üçün gözlənilməz olacaq?
"Qəbələ"nin yarımfinala yüksəlməsi mənim üçün gözlənilməz deyil.

- "Zirə" yarımfianala adlamaq üçün "Neftçi" səddini keçməlidir. Səncə, ilk oyundakı üstünlüyü qoruyaraq bu mərhələni adlayacaq?
- "Neftçi" - "Zirə" oyunu da çox gərgin olacaq. "Zirə"nin hesabda üstünlüyü var. "Neftçi" son turda ağır Tovuz səfərində olub, özü də, əsas heyətlə oynayıblar. Oyun süni meydançada keçirildi. "Neftçi" mərhələni keçmək üçün bütün gücünü səfərbər edəcək. "Zirə" də kubokda keçənilki nəticəsini təkrarlamaq üçün əlindən gələni etmək istəyir. Bizi çox maraqlı oyun gözləyir.

- Yenidən "Qarabağ" - "Zirə" finalının olmaq ehtimalı var. Səncə, bu təkrarlanacaq? Proqnozun necədir?
- "Qarabağ"ı Qəbələdə, "Zirə"ni "Bakcell Arena"da ağır oyun gözləyir. Növbəti mərhələyə hansı komandanın çıxacağını demək çətindir. 

 

Mirbağırağa

Xəbər xətti